Azərbaycan 200 illik savaşı bitirir – Rus sülhməramlılarına gərək qalmır

Laçın-Xankəndi yolundakı sərhəd-keçid məntəqəsi proseslərin mahiyyətini tamamilə dəyişdi. Aydın məsələdir ki, yeni bir mərhələ başladı. Diqqətçəkən məqam isə sərhədçilərimizin Laçın yolundakı yeni keçid məntəqəsində Azərbaycan Bayrağının ucaldılması ilə bağlı Prezident İlham Əliyevə məruzə edərkən “bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur” cümləsini deməsidir.

Maraqlıdır, müharibə dövrü tam bitirmi? Sülh sazişi imzalanırmı? Azərbaycan özünü və bölgəni 200 illik savaş və qarşıdurmalardan azad edir? Həmçinin dünya güclərinin maraqlarını burada birləşdirir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yeganə Hacıyeva deyib ki, Ermənistan-Azərbaycan sərhədində, Laçın koridorunun başlanğıcında şəffaflığın təmin olunması, bundan qabaq üç yolun nəzarətə götürülməsi heç də bu günün qərarı deyil:

“Bu, 44 günlük müharibə sonrası mərhələli şəkildə icra edilən prosesin növbəti mərhələsidir. Hesab edirəm, bundan sonra da digər həllini gözləyən proseslər var ki, onlar həll edilməlidir. Misal üçün, Xankəndi daxil olmaqla, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın konstitusion şərtləri təmin edilməlidir.

Ermənilər bu gün Qarabağda qalacaqlarsa, Azərbaycan Bayrağı altına yaşamağı qəbul etməlidirlər. Bu baş verəcəyi təqdirdə isə proseslərin yeni mərhələsi başlayacaq”.

Politoloq bildirib ki, 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları regiona müvəqqəti gəlsə də, təəssüf ki, həm təbii sərvətlərimizin talanması, həm qanunsuz silahlı birləşmələrin varlığını sürdürməsi, həm də Ermənistandan Qarabağa silah-sursatın gətirilməsi prosesinə dəstək verdi:

“Lakin son proseslər bir daha göstərdi ki, regionda söz sahibi ölkə Azərbaycandır. Bu gün faktiki olaraq Laçın yolunun hər iki tərəfində Azərbaycanın nəzarəti təmin edilib. Belə olan təqdirdə Rusiya sülhməramlılarına ehtiyac qalmır”.

Turan Rzayev
Globalinfo.az