ehaliii 1 900x519 1

“Sahibkarlığın və sahibkarın inkişafı baxımından Cinayət Məcəlləsinin 208-ci maddəsinin – “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama” – ləğvi mühüm hadisədir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, müasir biznes artıq yalnız bir ölkə daxilində aparılmır:

“Sahibkar mal ixrac edir, xaricdə tərəfdaşla işləyir, logistika xərci ödəyir, yeni bazara daxil olur, bəzən vəsaiti xaricdə saxlamaq məcburiyyətində qalır ki, növbəti müqaviləni yerinə yetirə bilsin. Belə vəziyyətdə hər gecikməni və ya hər maliyyə hərəkətini dərhal cinayət müstəvisinə çəkmək sahibkarın riskini artırır, onun qərarvermə azadlığını məhdudlaşdırırdı.

Dövlət son illərdə sahibkarlığın inkişafı üçün ciddi addımlar atsa da, bir çox problemlər qalmaqdadır. Vergi inzibatçılığının sadələşdirilməsini, biznesə münasibətdə elektron xidmətlərin kağız üzərində olsa da, genişləndirilməsini, qeyri-neft ixracının təşviqini, KOB-lara dəstək mexanizmlərini və kənd təsərrüfatının inkişafı ilə bağlı 6 milyardlıq proqramın da qəbul edilməsini müsbət qiymətləndirirəm.

Bununla bağlı deməliyik ki, sahibkar hələ də xeyli problemlə üz-üzə qalır: bank kreditlərinə çıxış çətindir, faizlər yüksəkdir, girov tələbləri ağırdır, bəzi yoxlamalar və icazə prosedurları biznes üçün əlavə yük yaradır, məhkəmə müdafiəsinə inam hər zaman yetərli deyil, region sahibkarı ilə paytaxt sahibkarının imkanları eyni deyil”.

razi 100 900x619 2

Deputat qeyd edib ki, sahibkarlığın inkişafı üçün yalnız cəza mexanizmlərini yumşaltmaq kifayət etmir:

“Biznes obyektlərinin yaradılması və genişləndirilməsi zamanı sənədləşmə prosesi hələ də şəffaf və sürətli deyil. “Bir pəncərə” sistemi formal olaraq mövcuddur, amma sahibkar yenə də müxtəlif qurumların qapısını döyməli olur. Torpaq, çıxarış, təyinat, tikinti icazəsi, kommunikasiya, yanğın və sanitariya rəyləri bəzən aylarla, hətta illərlə uzanır. Sahibkar investisiya qoymaq istəyir, iş yeri yaratmaq istəyir, amma sənəd yükü onun qarşısında maneəyə çevrilir. Ona görə sahibkarlığa real dəstək istəyiriksə, sənədləşmə prosesi tam rəqəmsallaşmalı, müddətlər qanunla məhdudlaşdırılmalı və hər qurumun məsuliyyəti aydın müəyyən edilməlidir. 208-ci maddənin ləğvi müsbət addımdır, amma biznesin nəfəs alması üçün bürokratik divarlar da aradan qalxmalıdır.

Ona görə bu dəyişiklik yalnız bir maddənin ləğvi kimi yox, sahibkara münasibətin yumşalması kimi qəbul edilməlidir. Sahibkar cinayətkar kimi yox, iqtisadiyyatın dayağı kimi görülməlidir. Əgər pozuntu varsa, ilk növbədə maliyyə nəzarəti, vergi mexanizmləri və inzibati tədbirlər işləməlidir. Cinayət məsuliyyəti isə ən son vasitə olmalıdır.

Beynəlxalq təcrübə də bunu göstərir. Avropa ölkələrində əsas yanaşma budur: sahibkarın valyutanı harada saxlamasından çox, əməliyyatın şəffaflığına, verginin ödənilməsinə və çirkli pulların yuyulmamasına nəzarət edilir. Gürcüstan və Qazaxıstan kimi ölkələr də daha çox riskə əsaslı nəzarət modelinə keçir, biznesi cinayət təzyiqi altında saxlamaqdan uzaqlaşırlar.

Hesab edirəm ki, 208-ci maddənin ləğvi sahibkarlıq azadlığını genişləndirən müsbət addımdır. Amma bu addımın real effekti o zaman olacaq ki, dövlət qurumları biznesə tərəfdaş kimi yanaşsın.

Sahibkar nə qədər rahat nəfəs alarsa, ölkə iqtisadiyyatı da bir o qədər güclü olar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: