Azər Zeynalov Bakıya niyə gəlib? – Qardaşı danışdı

“Azər Zeynalovun Bakıya gətirilməsi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovun qardaşı Ceyhun Zeynalov deyib.

O bildirib ki, A.Zeynalov işinin başındadır:

“Düzdür, qardaşım 15-17 iyunda şəxsi işləri ilə bağlı Bakıya gəlmişdi və bütün günü mənimlə bir yerdə oldu. Sonra da özüm onu Naxçıvana yola salmışam. Son 5-6 ay ərzində kim nə istəyir yazır, internet resurslarında təhqir edir deyə danışmağın bir mənası olmadığını düşünürük”.

C.Zeynalov deyib ki, qardaşı 30 ildir dövlətə xidmət edir:

“Qardaşımın dövlətə xidmət etməsi hər kəsə məlumdur. Yazanlar yazır da, nə edə bilərik ki?! Biz heç nədən narahat deyilik”.

Qeyd edək ki, iki gün öncə Azər Zeynalovun Bakıya gətirilməsi və dindirilməsi haqda məlumat yayılıb. Bu xəbər nə təsdiq, nə təkzib edildi deyə ictimaiyyətdə şübhələrə yol açdı.

Zaira Akifqızı
Globalinfo.az