AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya istiqamətlərinə xüsusi qiymətlərlə aviabiletlər təklif edir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, Bakı ilə Buxarest və Bakı ilə Sofiya arasında uçuşlara aviabiletləri 99 avrodan əldə etmək mümkündür. Aviaşirkətin bu marşrutlar üzrə yerinə yetirdiyi gediş-dönüş reyslərinə aviabiletlərin qiyməti 169 avrodan başlayır.

Xüsusi qiymətlər mayın 23-dən iyunun 5-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir və yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 3 iyun-25 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür.

Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.