Aytən Səfərovanın maşını aşdı: 18 yaşlı gənc öldü – VİDEO

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib.

Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***10:53

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən xəbər verilib.

Bildirilib ki, əlavə məlumat veriləcək.

***09:58

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Globalinfo.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***09:26

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.

Onun ağır xəsarətlər aldığı bildirilir.

A.Səfərovanın ailəsindən “Qafqazinfo”ya bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində – Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.