Əməkdar artist Aygün Bəylərin ölüm xəbəri yayılsa da, daha sonara xəbərin “yalan” olduğu deyildi. Bəziləri medianı qınadı – jurnalistləri dəqiqləşməmiş xəbəri yaymaqda ittiham etdi. Halbuki media yanlış etməmişdi. Nazirlik əməkdar artistin ölüm xəbərini öncə təsdiq etmişdi.
Maraqlıdır, ard-arda gələn təsdiq və təkzibin səbəbi nə idi? Kimlər və niyə onun ölümünü gizlətməyə çalışdı?
Mövzunu Globalinfo.az-a şərh edən media eksperti Ələsgər Məmmədli öncə çox dəyərli sənətkarı itirdiyimizi vurğulayıb.
Ələsgər Məmmədli
Bildirib ki, medianın ən önəmli vəzifələrindən bir də xəbər verməkdir:
“Bu xəbərin yaxşı və ya pis olmasının fərqi yoxdur. Amma mahiyyət etibarilə mediada xəbər yayılıbsa və onun özünün güvənli mənbələri varsa, xəbəri öz mənbələrinə istinadən yaya bilərlər. Təbii ki, obyektiv və qərəzsiz olmaq şərti ilə. Bundan başqa, media rəsmi məlumatları da istifadə edib, yaya bilir. Rəsmi məlumat öncə Aygün xanımın öldüyünə dair idi, sonradan məlumat dəyişdi. Burada medianın hər hansı bir günahı ola bilməz”.
Ə.Məmmədli deyib ki, media xəbəri güvənli mənbələrdən əldə edərək yayıb:
“Faktiki olaraq media məlumatı həm fərqli, həm də rəsmi mənbələrdən alır. Amma şəxsin ölüm xəbəri ilk növbədə həm də onun şəxsi həyat məsələsi olduğu üçün yaxınlarının, sevənlərinin psixoloji vəziyyətini nəzərə almaq və birbaşa özləri ilə təsdiq etmək zərurəti yaradır. Media burada yanlışa yol verdi. Qalan məsələlərdə isə medianın heç bir günahı yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az