“Avroviziya”çılarımızın qalmaqallı geyiminin müəllifi danışdı: “Sadəcə bilin ki…”

“Avroviziya 2023”ün açılış mərasimində Azərbaycan təmsilçiləri Tural və Turan Bağmanov qardaşlarının firuzəyi xalıdan keçərkən geyindikləri libaslar Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Qardaşların geyimi sosial şəbəkələrin Azərbaycan seqmentində sərt tənqid olunub. Xüsusilə üst geyimdə çiçək detallarından istifadəni “Azərbaycan kişisinə yaraşmayan detal” kimi qiymətləndiriblər.

Azərbaycanın “Avroviziya”da nümayəndə heyətindən bu geyimlərin “Parcha studio”ya aid olduğu və müəllifinin Aysel Sadıqova olduğu bildirilib. Tənqidlərə cavab olaraq isə əskinə, geyimlərin bəyənildiyi, bunun heç kimin qeyrətinə toxunmadığı, sadəcə bizim auditoriyanın öyrəşmədiyi bir tərz olduğu qeyd edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Globalinfo.az-a bildirilib ki, bu prosesin nazirliyə aidiyyatı yoxdur, buna onlar nəzarət etmirlər.

Geyimlərin məxsus olduğu bildirilən “Parcha studio”nun təsisçisi Aysel Sadıqova Globalinfo.az-a bildirib ki, bu mövzuda ümumiyyətlə mətbuata açıqlama vermək istəmir:

Aysel Sadıqova

“Mən məsələ ilə bağlı ümumilikdə heç yerə açıqlama vermək, şərh bildirmək istəmirəm Sadəcə bunu deyirəm ki, işimlə qürur duyuram, geyimləri bütün dünya gördü. Bizdə onsuz nə etsək də tənqid edirlər. Ona görə başqa heç nə demək istəmirəm”.

Ayşən Mustafa
Globalinfo.az