“Avropaya hə, Rusiya qanunlarına yox” – Gürcüstanda nələr baş verir?

Gürcüstanda xarici agentlər haqqında qanuna etirazlar davam edir.

Globalinfo.az xəbər verir ki, etirazlar Gürcüstanın müxtəlif şəhərlərini əhatə edir. Belə ki, Zuqdidi şəhərində insanlar meriya binasına doğru yürüş ediblər. Etirazçılar əllərində “Avropaya hə, Rusiya qanunlarına yox” yazılmış pankartlar tutublar.

Qori sakinləri isə Avropa İttifaqının və Gürcüstanın bayraqları ilə şəhərin tarixi mərkəzinə toplaşıblar. İnsanlar,  “Rusiya qanunlarına yox”, “Rusiyanın bombaladığı şəhər onun qanunlarını qəbul etməyəcək, seçimimiz Avropadır” şüarları səsləndiriblər.

Paytaxt Tbilisidə də aksiya keçirilib. Onlar hökumət administrasiyasının binası qarşısına toplaşaraq Baş nazir İrakli Kobaxidze ilə görüş tələb ediblər. Lakin Baş nazir etirazçılarla görüşmək istəməyib. Bugünkü aksiya kiçik olsa da, polis hökumət binasının qarşısına səfərbər edilib və ərazi mühasirəyə alınıb.

Əliyar Xəlil
Globalinfo.az