
“Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Cozep Borrel Rusiyaya qarşı mübarizənin tam gücüylə davamının tərəfdarıdır. Bu səbəbdən Borrel rusiyalı rəsmilərin ən çox tənqid olunduğu şəxslərdəndir. Ancaq Borrel yalnız Rusiya ilə kifayətlənmir. O son çıxışlarının birində Avropa İttifaqı ölkələrini Çinlə mübarizəyə də səsləyib. Borrel Çinin dünyada artan gücündən narahatdır. Ona görə də baş diplomat Avropanın Rusiya ilə yanaşı Çinə qarşı da vahid strategiyasının hazırlanmasını dəstəkləyir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O deyib ki, Borrel ayrıca, mövzu ilə bağlı Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib:

Elxan Şahinoğlu
“Borrel həmin məktubda yazıb ki, Avropa İttifaqı ölkələri Çinlə bağlı ortaq strategiyanın hazırlanmasına çalışmalıdırlar. Bəs Borrel Çinin siyasətindən niyə narahatdır?
– Birincisi, Avropa komissarı hesab edir ki, Ukrayna müharibəsi fonunda Çin bölgədə gücünü artırmağa çalışır və Pekinin siyasəti getdikcə aqressivləşir.
– İkincisi, Borrel hesab edir ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dayandırması üçün heç nə etməyib, halbuki buna cəhd edə bilərdi.
Hadisələrin bu istiqamətdə gedişatı Pekinin narahat edir. Çin ABŞ-la siyasi və təhlükəsizlik sahəsində rəqabət aparır. Ancaq Pekin eyni rəqabəti Avropa ölkələri ilə aparmaq istəmir. Çinin xarici işlər naziri Tsin Qan Avropa ölkələrinə səfəri zamanı münasibətləri gərginləşdirməməyə və Brüsseli Amerikanın yolu ilə getməməyə çağırıb. Tsin Qan hesab edir ki, Vaşinqton qəsdən Avropa ilə Çin arasındakı münasibətləri gərginləşdirir. Buna baxmayaraq, Çinin artan gücü onu istər-istəməz Avropa ilə də üz-üzə qoyur”.
Politoloq Çinin daha bir ölkə ilə münasibətlərinin gərginləşdiyini deyib:
“Kanada hökuməti Çinin Toronto şəhərindəki konsulluğunda çinli diplomatı ölkədən çıxardıqdan sonra eyni addımı Pekin atıb. Kanadanın Şanxay şəhərindəki konsulu persona non-qrata elan edib. Kanada hökumətinin ölkədən çıxardığı çinli diplomat Kanada parlamentinin Çin mənşəli deputatını şantaj edirmiş. Kanadanın Çin mənşəli deputatı Maykl Çoxqun yaxın qohumları Honkonqda yaşayır. O isə Çinin insan haqları siyasətini tənqid edir. Çinli diplomat deputata xatırladıb ki, Pekinə qarşı tənqidlərini davam etdirsə, Honkonqdakı qohumları üçün pis olacaq. Pekin ABŞ və Kanada ilə münasibətlərin gərginləşməsini istəməsə də, bu qalmaqallar normallaşma prosesinə mane olur”.
Zaira Akifqızı
Globalinfo.az