Macarıstanın Baş naziri Viktor Orban gürcü həmkarı İrakli Kobaxidzenin dəvəti ilə Tbilisiyə səfər edib. Onun hakim Gürcü Arzusu Partiyasını parlament seçkilərindəki qələbə münasibətilə təbrik etməsi Avropa İttifaqında (Aİ) birmənalı qarşılanmayıb.
Baş nazirin addımı Gürcüstan müxalifəti və xalqın Avropaya inteqrasiyanı dəstəkləyən kəsimini qəzəbləndirib. O, Tbilisiyə səfəri zamanı fitə basılıb.
Orban çıxışında Gürcüstanın mühafizəkar, xristian və Avropayönlü dövlət olduğunu bildirib.
Aİ ölkəsinin rəsmisinin hazırkı gərgin vəziyyətdə Tbilisiyə səfərinin məqsədi nədir? Orbanın gəlişi Gürcüstanda cərəyan edən proseslərə necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Viktor Orbanın səfəri onun şəxsi təşəbbüsüdür:
“Doğrudur, Macarıstanın baş nazirinin gürcü həmkarı İrakli Kobaxidzenin dəvəti ilə səfər etdiyi deyilir. Lakin o, ya xəbərsiz gedib, ya da gələcəyini öncədən Tbilisiyə bildirib. Lakin bu səfər ictimaiyyətə dəvət əsaslı təqdim olunur.
Orban hazırda Aİ-də fərqli bir missiyanı üzərinə götürüb. O, ittifaqın dövri sədriliyi müddətində həm Rusiyaya, həm Çinə, həm də Ukraynaya səfər etmişdi. Orbanın bu səfərləri Aİ-də ciddi tənqidlərə məruz qaldı. İttifaq həmin vaxtı bəyanat yaymışdı ki, bu səfərlər onun şəxsi təşəbbüsüdür və Aİ ilə heç bir əlaqəsi yoxdur. Gürcüstana səfər də məhz bundan öncəkilər kimi öz təşəbbüsü ilə gerçəkləşir”.
Politoloqun sözlərinə görə, Orban nümayişkaranə şəkildə Aİ-nin siyasi kursuna etirazını bildirir:
“Baş nazir onsuz əvvəldən ittifaqın kursunu dəstəkləmir. Aİ-ni dəfələrlə yanlış siyasət izləməkdə, ümumi maraqları nəzərə almamaqda ittiham edib. Orbanın timsalında əslində ittifaq daxilində bənzər düşüncədə olan ölkələr var. Bunların az sayda olmasına baxmayaraq son zamanlar səsləri ciddi şəkildə eşidilir. Aİ də elə bundan narahatdır.
Orban hazırda ittifaqda azınlıq bir düşüncəni müdafiə etsə də, bu vəziyyət tədricən dəyişə bilər. Almaniya və ya digə ölkələrdə hakimiyyətə başqa partiyalar gələcəyi təqdirdə, onun kimi düşünənlərin sayının artması ehtimalı var. Bu isə Aİ-nin yeni xarici siyasət kursuna keçməsi deməkdir”.
Turan Rzayev
Globalinfo.az