“Avropadakı hakimlər bizdən yaxşı araşdırır?” – Məhkəmə

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan şirkətin rəhbəri Nuridə Seyidova və iki işçisi – Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi davam edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Bunlardan biri Sahid Mövsümovdur. Sahid ehtiyatda olan zabitdir. Onun övladlarından biri talassemiya xəstəsi, digəri daşıyıcıdır.

Zərərçəkmiş Nuridə Seyidova və Aynur Bayramovadan şikayətçidir. Deyir ki, övladına ilik köçürülməsi üçün onlara 10 min pul verib. Donor köçürülməsi isə ümumilikdə 83 min manata başa gəlirmiş. Təqsirləndirilən şəxslər qalan pulu sponsorlar vasitəsilə qarşılayacaqmış: “Pulu şirkətlərində Nuridəyə verdim. Sonra əməliyyat üçün Türkiyəyə göndərdilər. Samsuna çatanda öyrəndim ki, xəstəxanaya pul köçürülməyib. Elə orada qaldığım müddətdə 8 min 200 manat əlavə pul xərclədim. Sən demə, məni oyalamaq üçün Türkiyədə ev tutubmuşlar. Azərbaycana qayıtdıqdan sonra isə pulumu ala bilmədim”.

Valideyn Nuridə ilə Aynurdan 10 min dollar və əlavə 4 min 200 manat tələb edir.

“Sən bəs, niyə soruşmadın ki, 83 min manatlıq əməliyyat 10 minə necə başa gəlir?”, – hakim Azad Məcidov zərərçəkmişdən soruşub.

S.Mövsümov cavab verib ki, onu xeyirxah fondların dəstək göstərəcəyini deyərək aldadıblar: “Burada adam var ki, o, 83 minlik əməliyyat üçün cəmi 9 min dollar verib. Buradan da görünür ki,  əməliyyat söhbəti yoxdur, fırıldaqdır.”

Gürcüstan vətəndaşı olan Laura Həsənova da eyni cür aldadılıb. L.Həsənovanın övladı 12 ildir talassemiyadan əziyyət çəkir. Ana Gürcüstan dövlətinin ayırdığı 30 min dolları da müalicə məqsədilə  Nuridə və Aynura verib.

Zərərçəkmiş şəxsin dediyinə görə, hazırda Gürcüstan dövləti həmin pulun hesabatını tələb edir. Bu səbəbdən də ayrıca problem yaşayır: “Bunlar mənim 30 min dollarımı mənimsəyiblər. Dövlət bilməlidir ki, belə cinayətkarlar var. Nuridə ilə görüşdə mənə dedi ki, əlində nə varsa ver, prosedurları başlayaq. Uşağım sağalır deyə sevincdən o qədər ağladım ki… Sonradan eşitdim ki, bunların Türkiyəyə göndərdiyi xəstələrin valideynləri ağlaşır. Bir müddət sonra özümün də aldadıldığını bildim”.

Zərərçəkmiş təqsirləndirilən şəxsləri bağışlamağa hazırdır, bu şərtlə ki, onun pulunu tam qaytarsınlar: “Sadəcə pulumu istəyirəm. Pulu qaytarsınlar, gedib uşağımı müalicə etdirim. Mən Avropa məhkəməsinə şikayət etmək istəmirəm”.

“Avropadakı hakimlər bizdən yaxşı araşdırır? Bura toplanmışıq ki, işə baxaq. Sonda qərarımızı qəbul edəcəyik”-, deyə hakim Azad Məcidov xanım zərərçəkmişin son cümləsinə belə reaksiya verib.

Prosesin davamında Aynur Bayramova zərərçəkmişlə bəzi məsələləri aydınlaşdırmaq istəyib. Onun dedikləri sual formasında olmadığına görə hakim sözünü kəsib: “Düzgün sual verə bilmirsən, otur yerinə…”

Proses digər zərərçəkmişlərin ifadələri ilə davam edib.

Xatırladaq ki, məsələ ilə bağlı talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə onların 1 milyon manata yaxın pulunu ələ keçirib.