Avropada Quranın yandırılmasının daha bir məqsədi üzə çıxır

“Quranın yandırılması Qərbdə dövlət ideologiyasına çevrilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə son günlər Avropa ölkələrində başda islam dininin müqəddəs kitabı Quran olmaqla müqəddəs kitabların yandırılması hallarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərbdə islamın müqəddəs kitabı olan Quranın ictimai müstəvidə yandırılmasını ifadə azadlığı kimi xarakterizə etmək olmaz: “Fransada, Hollandiyada, Danimarkada, son olaraq Norveçdə islam dininin müqəddəs kitabının yandırılması, bu prosesdə dövlətin də bunu dəstəkləməsi islam dünyasına qarşı fobiyanın təzahürüdür.

Bu, Qərbin 11-ci əsrdə İslam dininə qarşı baş vermiş səlib yürüşünün 21-ci əsrdə davamının bir növüdür. Müqəddəs kitabın yandırılması, dinlərarası və iki sivilizasiya arasında yeni münaqişənin qızışdırılmasına hesablanıb. Təkcə Türkiyə faktoru deyil, prosesin arxasında islamafobiyanın Qərbdə dövlət ideologiyasına transfer edilməsidir. İfrat sağ və millətçilik yaxın perspektivdə Avropa ölkələrinin dövlət ideologiyasına çevrilə bilər.

Məhəmməd Əsədullazadə

Qərbdə millətçi və ifrat sağçı qruplar inkişaf edir. Bununla da Avropa ötən əsrin 30-cu illərində formalaşan radikal ideologiyaların mərkəzinə çevrilir. Bu da yeni siyasi şəraitdən, Avropaya miqrant axınının təsirindən qaynaqlanır. Qərb artıq qapalıdır və kənardan gəlmələri qəbul etmir.

Avropa artıq demokratiya və ali insan hüquqlarından imtina etmək mərhələsinə keçir. Avropa cəmiyyətində dözümsüzlük və ifrat radikalçılıq siyasi hakimiyyətlərə nüfuz etmək istiqamətində irəliləyir. Bu da ciddi siyasi deqradasiyaya gətirib çıxaracaq”.

Turan Rzayev
Globalinfo.az