Avropanın ən aktiv vulkanlarından biri olan İtaliyanın Siciliya adasındakı Etna vulkanında aktivlik yenidən artıb.

Globalinfo.az xəbər verir ki, vulkanın Vorajin kraterində kül püskürmələri ilə müşayiət olunan stromboli tipli partlayışlar qeydə alınıb. Eyni zamanda, Etna vulkanının şimal-şərq kraterinin daxilinə doğru yeni lava axınının əmələ gəldiyi müşahidə edilib.

Vulkanı müşahidə edən qrupların məlumatına görə, orta səviyyəli stromboli fəaliyyəti zamanı atmosferə lava parçaları və kül buludları qalxıb.

Mütəxəssislər vulkandakı aktivliyin davamlı şəkildə izlənildiyini bildirirlər. Kül buludlarının küləyin istiqamətindən asılı olaraq ətraf ərazilərə təsir göstərə biləcəyi qeyd olunur.

İlkin qiymətləndirmələrə əsasən, hazırkı aktivlik yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır. Buna baxmayaraq, Etna vulkanında baş verən proseslər diqqətlə monitorinq edilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: