Qərb Rusiyanın metodunu çözdü – Ukrayna tərk edilir?

Ukrayna elitasında müşahidə olunan hərbi-siyasi qarşıdurma, eləcə də Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Kiyevə silah tədarükü ilə bağlı qərarın qəbul edilməməsi münaqişə ilə bağlı bədbin ssenarilərin güclənməsinə səbəb olub. İddia edilir ki, artıq təkcə ABŞ deyil, Avropa İttifaqı da Ukraynadan üz çevirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov qeyd edib ki, Avropa məkanında Kiyevə dəstəklə bağlı Macarıstanın kəskin mövqeyi var:

“Bu da çıxılmaz vəziyyətin yarandığından xəbər verir. Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyinə və yanaşmasına baxmayaraq, Ukraynaya yardım ayrılmasına dair qərar verilib. Daha sonra həmin qərarın təxirə salındığı bildirildi. Avropa İttifaqı yaxşı bilir ki, vəd edilən 50 milyard dollarlıq yardım müharibənin müddətini uzadacaq, lakin əsaslı dəyişiklik olmayacaq. Rusiyanın maliyyə mənbələri, resursları, sanksiyaları yarmaq metodları da hər kəsə aydındır. Bunun üçün də pulları havaya sovurmaq istəmirlər”.

Politoloqun fikrincə, Aİ ölkələri Ukraynanın müharibədən sonra verilən ödənişləri geri qaytara bilməyəcəyini yaxşı anlayır:

“Kiyev bu gün Qərbdən hərbi, siyasi, iqtisadi və ideoloji cəhətdən asılıdır. Əlavə maliyyə mənbələrinin müharibəyə səfərbər olunması nəticə verməyəcəksə, bu, geopolitik ambisiyalar nöqteyi-nəzərindən səmərəsizdir. Görünür, Avropa məkanında atılan bütün addımlar əvvəlcədən düşünülür, maraqlar müəyyən olunur, məqsədlər dəqiqləşdirilir. Hər hansı addımla bağlı şübhə varsa, faktiki yanaşma nümayiş etdirilir. 2024-cü ildə müharibə davam edəcək. Ukraynaya hərbi və maliyyə yardımının dayandırılması isə onu məğlubiyyətlə barışdırmaq cəhdidir”.

Safura Bənnayeva
Globalinfo.az