Avropa qışda o qətnamə ilə isinə biləcək? – Gizli oyunlar

The European Parliament in Strasbourg under the snow

Xəbər verdiyimiz kimi Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib. 46 deputat əleyhinə səs verib, 16 deputat isə bitərəf qalıb.

Qətnamə ilə Avropa Parlamenti Aİ icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Bundan başqa sənəddə, həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb.

Maraqlıdır, indiki məqamda bunun ortaya çıxması təsadüfdürmü? Bu, Qarabağda gedən proseslərə nə kimi mənfi təsir göstərə bilər? AP-ın qətnaməsi bütövlükdə Qərbin mövqeyidir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, birinci dəfə deyil ki, Avropa Parlamenti əleyhimizə qətnamə qəbul edir:

Tofiq Abbasov

“Biz Qərb siyasi dairələrinin ölkəmizə qarşı ikiüzlü, məkrli, qərəzli yanaşmaları ilə hər zaman üzləşmişik. Bilirik ki, onların qərəzi xəstəlik formasını alıb. Özü də bu xəstəlikdən qurtula bilmirlər.

Baxın, geridə qoyduğumuz 30 il ərzində AP nə Azərbaycanın qaçqınlar problemi ilə, nə Ermənistanın işğal faktoru ilə, nə də digər məsələlərlə bağlı adekvat yanaşma sərgiləmədi. Xocalı faciəsi kimi faktlar və sübutlar ilə dünya ictimaiyyətinin diqqətində olan bir məsələyə belə AP etinasız yanaşdı.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan AP ilə münasibətləri kəsməyib. Özləri də bilirlər ki, qəbul etdikləri qətnamənin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan diplomatik nüfuzu bu və bu kimi qətnamələrə müqavimət göstərmək üçün kifayətdir. Bundan başqa qəbul edilən qətnamənin hüquqi əhəmiyyəti yoxdur. Bu sadəcə erməniləri rahatlatmaq üçün atılan addımdır.

Azərbaycana qarşı sanksiya tətbiqi indiki məqamda mümkün deyil. Xüsusilə qarşıdan qış ayları gəlir və enerji resursları məsələsində Qərbin Azərbaycana ehtiyacı var. Bunu onlar da yaxşı bilir. Buna görə də narahat olmağa ehtiyac yoxdur”.

Turan Rzayev
Globalinfo.az