Avropa çempionatı: Üç idmançımız finalda

Daha bir sərbəst güləşçimiz Maqomedxan Maqomedov Avropa çempionatında finala yüksəlib.

97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib. O, həlledici dueldə Givi Matçaraşviliyə (Gürcüstan) rəqib olub.

Səbuhi Əmiraslanov isə Avropa çempionatında finala yüksələ bilməyib. 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.

O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

***

Hacı Əliyev də Avropa çempionatında finala yüksəlib.

70 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib.

O, son qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.

***

Sərbəst güləşçimiz Əliabbas Rzazadə Avropa çempionatında finala yüksəlib.

57 kq çəki dərəcəsində Rzazadə yarımfinalda Simeone Piroddunu (İtaliya) məğlub edib.

Bu gün, həmçinin, Hacı Əliyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq), və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaq.

***

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Globalinfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.

Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.