bayraq meydani 120715

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı maraqlı izlənilir. Müzakirə olunan mövzuların spektri də genişdir və enerji, kommunikasiya, təhlükəsizlik, miqrasiya, demokratiyanın müdafiəsi və digər istiqamətləri əhatə edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, önəmli olan və yeni hesab edilə biləcək müzakirə istiqamətlərindən biri də dezinformasiyalarla mübarizə ilə bağlıdır və düşünürəm ki, Zirvə Toplantısının proqramında yer alan bu mövzu istiqamətində müzakirələr faydalı ola bilər:

“Bununla yanaşı, qeyd edim ki, bütövlükdə “Avropa Siyasi Birliyi” Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platforma olmaqla yanaşı, geosiyasi proseslərin mövcud inkişaf mərhələsində yeni istiqamətlərin və konfiqurasiyaların müəyyənləşdirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu gün Avropa İttifaqının “Avropa Siyasi Birliyi” platforması müstəvisində prioritet hesab etdiyi və Azərbaycanın da xüsusi diqqət ayırdığı, həmçinin regional və qlobal anlamda özünəməxsus rol oynadığı dörd əsas istiqamət var: birincisi, təhlükəsizlik və sülh, ikincisi enerji, üçüncüsü iqlim və ətraf mühitin qorunması, dördüncüsü isə iqtisadiyyat.

Şərqi Avropada cərəyan edən hadisələr, enerji təhlükəsizliyi ilə bərabər, kommunikasiyaların təhlükəsizliyini də aktuallaşdırıb. Sadaladığım dörd əsas istiqamətə nəqliyyat dəhlizlərinin – kommunikasiyaların təhlükəsizliyi də əlavə olunub. Göründüyü kimi, kommunikasiyaların davamlılığı və təhlükəsizliyi də daxil olmaqla, “Avropa Siyasi Birliyi”nin prioritet hesab etdiyi istiqamətlər Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır və ölkəmiz uzun illərdir, sözügedən sahələrdə ciddi və nümunə ola biləcək fəaliyyət sərgiləyir”.

Politoloq deyib ki, son iki il ərzində Avropa üçün ön sıraya keçən enerji təhlükəsizliyi və enerji dəhlizlərinin diversifikasiyası məsələsi uzun illərdir, Azərbaycanın gündəmindədir:

“Ölkəmiz hələ 1994-cü ildən, “Əsrin müqaviləsi”nin imzalandığı zaman kəsiyindən başlayaraq, neft və qaz kəmərlərinin şaxələndirilməsi istiqamətində uzunmüddətli strategiyanı müəyyənləşdirib və mühüm strateji addımlar atıb. 2006-cı ildən istismara verilən Bakı-Tbilisi-Ceyhan magistral neft və Bakı-Tbilisi-Ərzurum magistral qaz kəmərləri Azərbaycanın illər öncə bugünkü çağırışlara cavab verən enerji strategiyasını necə dəqiq bir şəkildə müəyyənləşdirdiyini sübuta yetirir. Bu prosesin davamı olaraq, Cənub Qaz Dəhlizinin gerçəkləşməsində ölkəmizin oynadığı həlledici rol, Prezident İlham Əliyevin geosiyasi proseslərin inkişaf perspektivlərini proqnozlaşdırmaq məharətindən xəbər verir.

“Avropa Siyasi Birliyi”nin prioritetlərindən biri olan sülh və təhlükəsizlik amillərinin də Azərbaycanın təşviq etdiyi məsələlərdəndir. Azərbaycan uzun illər Ermənistanın işğalı altında olan torpaqlarının azad edilməsi prosesinə sadiq qalıb. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə selektiv yanaşmanın daha böyük münaqişə və müharibələrə yol aça biləcəyi barədə beynəlxalq birliyə saysız-hesabsız müraciətlər ünvanlayıb.

Bu gün Şərqi Avropada cərəyan edən hadisələr fonunda sülh və təhlükəsizlik məsələlərinin ön sıraya çıxması ölkəmizin öz çağırışlarında və mövqeyində nə qədər haqlı olduğunu, dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının bəşəriyyət üçün həyati əhəmiyyət kəsb etdiyini, separatizmin, işğalın stimullaşdırılmasının böyük fəlakətlərə yol açdığını sübuta yetirir”.

E.Mirzəbəyli bildirib ki,“Avropa Siyasi Birliyi” üçün hazırda prioritet sayılan digər sahələrdə – iqtisadiyyatın və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində ölkəmizin yürütdüyü siyasətin nəticələri göz qabağındadır:

“Bir zamanlar Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə dəstək verməyən ölkələr hazırda Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin ən önəmli marşrutlarından birinə çevrilən bu dəmiryol xəttinin nə qədər böyük strateji əhəmiyyətə malik olduğunu müşahidə edirlər. Azərbaycanın Zəngəzur dəhlizinin gerçəkləşdirilməsi istiqamətində sərgilədiyi prinsipial mövqenin hazırda beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, əslində, ölkəmizin uzun illərdən bəri kommunikasiyaların şaxələndirilməsi və təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətinin etirafı kimi də qəbul oluna bilər.

Hesab edirəm, Prezident İlham Əliyevin ardıcıl olaraq, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantılarına dəvət olunması, Azərbaycanın sözügedən platformanın prioritet hesab etdiyi istiqamətlər üzrə yürütdüyü davamlı və uğurlu siyasətindən, əldə etdiyi nəticələrdən qaynaqlanır. Azərbaycanın təcrübəsi sözügedən istiqamətlərdə mövcud olan problemlərin həlli və yol xəritəsi rolunu oynaya bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: