İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.
“Azərbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir”, – deyə İqnasio Kassis yazıb.
O, ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri təşkilatın Cənubi Qafqaza və regionumuzdadakı proseslərə diqqətinin davam etdiyini göstərir:
“İsveçrənin 2026-cı ildə ATƏT-ə sədrliyi çərçivəsində həyata keçirilən bu səfər ikitərəfli əlaqələrin müzakirəsi ilə yanaşı, həm də regionda formalaşan yeni təhlükəsizlik reallıqları ilə bağlı fikir mübadiləsi məqsədi daşıyır.
Səfərin əsas istiqamətlərindən biri Azərbaycan–Ermənistan münasibətlərində sülh prosesinin hazırkı vəziyyətinin müzakirəsidir. Son illərdə Cənubi Qafqazda əsas siyasi gündəm iki ölkə arasında davamlı sülhün təmin olunması, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın formalaşdırılması məsələləridir. Görünən odur ki, ATƏT də bu proseslərin izlənilməsində hansısa formada iştirak etmək istəyir.”
Politoloq deyib ki, belə səfərlər ölkəmizin mövqeyini beynəlxalq təşkilatlara çatdırmaq, postmünaqişə dövründə yaranmış yeni reallıqları izah etmək və regional əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından əhəmiyyətlidir:
“Rəsmi Bakı uzun müddətdir vurğulayır ki, Cənubi Qafqazda davamlı sabitlik qarşılıqlı tanınma, ərazi bütövlüyünə hörmət və dövlətlərarası münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında qurulması ilə mümkündür. ATƏT rəhbərliyinin regiona səfəri bu mövqelərin diplomatik müstəvidə müzakirəsi üçün əlavə imkan yaradır.
Yusif Bağırzadə
Digər tərəfdən, İsveçrənin ATƏT sədrliyi dövründə prioritetlərindən biri təşkilatın dialoq platforması kimi rolunu qorumaqdır. Son illərdə beynəlxalq münasibətlər sistemində artan geosiyasi qarşıdurmalar bir sıra çoxtərəfli institutların fəaliyyətini çətinləşdirib. Belə bir şəraitdə ATƏT üçün əsas çağırış müxtəlif mövqeləri olan tərəflər arasında kommunikasiya kanallarını açıq saxlamaqdır. Kassisinin Azərbaycan, daha sonra isə Ermənistan və Gürcüstana səfəri məhz bu baxımdan regional yanaşmanın tərkib hissəsi kimi görünür”.
Y.Bağırzadə vurğulayıb ki, səfərin regional turun başlanğıc nöqtəsi olması da diqqətəlayiqdir:
“Bu, ATƏT-in təkcə Cənubi Qafqaz deyil, daha geniş Avrasiya məkanında təhlükəsizlik, nəqliyyat, enerji və regional əməkdaşlıq məsələlərinə kompleks yanaşdığını göstərir. Azərbaycan bu baxımdan həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ilə əlaqələri birləşdirən nəqliyyat və enerji layihələrində mühüm rol oynayan ölkələrdən biridir”.
Turan Rzayev
Globalinfo.az