Astarada vəziyyət necədir?

“Astara rayonunda son günlər yağan intensiv yağışların yaratdığı fəsadlar aradan qaldırılır və tam şəkildə nəzarətimizdədir”.

Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Astara RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov məlumat verib.

O qeyd edib ki, hazırda dağılmış körpü və yollara dəyən fəsadlar aradan qaldırılır: “Astaraya, bəlkə də, son 20 ildə belə güclü yağış yağmamışdı. Yağıntılar rayonda çox ciddi fəsadlar yaradıb. 15 min nəfərin istifadə etdiyi Vaqu körpüsü tamamilə uçub. Dərhal həmin ərazidə olduq, aidiyyəti qurumlara bu barədə məlumat verdik. Hazırda həmin ərazidə iş gedir. Ən böyük problem sahil-bərkitmə işləri ilə bağlıdır. Təxminən 7 kilometr ərazidə sahil-bərkitmə işləri aparılır. Şiləkəran körpüsü, asma körpü dağılıb. Ən çox zərər körpülərə dəyib.

Həmçinin, Şağlazüzə istiqamətində yol qəzalı vəziyyətdədir. Sel suları yolu tamamilə yuyub aparıb”.

X. Şirinov əlavə edib ki, sel suları nəticəsində vətəndaşlara ciddi ziyan dəyməyib: “Dünən Ərçivanda 160 nəfərin evi su altında idi. FHN əməkdaşlarının köməyi ilə su çəkildi, hazırda orada problem yoxdur. Suyun səviyyəsinin qalxıb-düşməsi nəticəsində vətəndaşlara xırda ziyanlar dəyib. Mal-qaraya ziyan dəyməyib.

Züngüləş kəndi ərazisində yerləşən Su Elektirik Stansiyasının su anbarında problem yaranmışdı. Orada da müəyyən işlər görülür, su çəkilib, artıq vəziyyət normallaşıb. Yağışlar dünəndən kəsilib, partlama təhlükəsi yoxdur. Bütün çaylarda suyun səviyyəsi əvvəlki vəziyətə düşüb”.

Şöbə müdiri bildirib ki, rayona dəyən ziyanla bağlı hələ ki, ilkin hesablama aparılmayıb.