Aşıq Əliyə olar, Aşıq Ələsgərə yox?!

elesger eli scaled

Cəmiyyət olaraq çox maraqlı vəziyyətdəyik. Həm maraqlı, həm də qəliz.

Şikayət etməyə hərdaim bir şey tapırıq. Bu günlərdə isə şikayət etməyə, deyinməyə yeni mövzumuz var.

Aşıq Ələsgərin abidəsi!

Məlum olduğu kimi, sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı olub. Özü də açılışı şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev edib. Açılışdan sonra ənənəvi olaraq dövlətimizin başçısı tədbirdə çıxış edib.

Çıxışla tanış olan hər bir şəxs ölkə başçısının nə qədər mühüm, vacib detallara toxunduğunu yaxşı bilir. Lakin təəssüf ki, bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirə edilən əsas məsələ abidəsinin boyu, sazın necə tutulması və sairdir.

Bu gün Aşıq Ələsgərin abidəsi ilə bağlı tənqidi fikirlər səsləndirənlər unudur ki, illərdir bu şəxsin normal bir abidəsi yox idi. Abidəsi hələ olmayan yüzlərlə belə şair, yazar, aşıq var. Məhz buna görə deyirəm, cəmiyyət olaraq çox maraqlı vəziyyətdəyik. Abidə yoxdur deyə bir tənqid edirik, qoyulan abidəyə isə neqativ yanaşırıq.

Heykəl ilə bağlı səslənən tənqidlərdən ən diqqətçəkən və qəribəsi boyunun qısa olduğu haqda deyilənlərdir. Təəccüblü məqam odur ki, heykəlin boyu barəsində münasibət bildirənlər realda heç Aşıq Ələsgəri görməyib. Sadəcə şifahi ədəbiyyat nümunələrinə istinad edilir. Şifahi ədəbiyyatda isə hər şey bədiiləşdirilir, şişirdilir. Məsələn, el qəhrəmanı Koroğlunun bir oturuma 7 qazan aş yediyi deyilir. Təbii, bu, onun gülçülüyünün bu formada təqdimidir, tərənnümüdür. Xalq özünün qəhrəmanlarını daha güclü görmək istədiyi üçün bəzən onların haqqında bu cür şişirtmələrə yol verilir.

Aşıq Ələsgərin boyu həqiqətən realda 2 metrə çatsa da, heykəldə bunu göstərməyə ehtiyac yoxdur. Fikrimcə, əsas mahiyyətdir. Estetik baxımdan da bu, o qədər uğurlu olmaya bilər.

O ki qaldı Aşıq Ələsgərin abidəsində sazın təqdimatına və tutulma formasına… Abstrakt təsəvvür deyilən anlayış var. Heykəllərin statik olması şərt deyil. Burda heykəltəraşın fantaziyası, eskizi çəkinin təxəyyülü, şəxsin obrazının bədiiləşdirilməsi və s. mahiyyətin çatdırılması amillər rol oynaya bilər. Ümumiyyətlə, şərq cəmiyyətlərində şəxsiyyətə pərəstiş, ilahiləşdirmə, ifrat ucaltma tendesniyası hər zaman olub. Bizim cəmiyyətdə də bu eynilə belədir.

Aşıq Ələsgər yalnız Azərbaycanda deyil, bütün türk coğrafiyasında sevilən ozandır. Onu bu günlərə daşıyan, iki əsrə yaxındır zirvədə tutan saz çalması yox, yazdığı şeirləridir, sözüdür. Çünki biz bu gün Ələsgərin ifasını nə eşidə bilirik, nə videolarda görmək imkanlarımız var. Amma qoşmaları, təcnisləri, müxəmməsləri – bütövlükdə söz yaradıcılığı az qalsın hər kəsə bəllidir. Aşıq Ələsgərin qiyməti, sirri, cazibəsi sözündədir, fəlsəfəsindədir. Belə bir qeyri-adi fikir adamı, düşüncə sahibi hər millətin payına düşmür.

Əslində, Aşıq Ələsgərin heykəli ilə bağlı bu cür həssaslıq göstərilməsi yaxşı haldır. Tənqid, təftiş, təklif faydalıdır və cəmiyyətin inkişafına xidmət edir. Millət öz sənətkarını görün nə dərəcədə sevir ki, ona belə həssas münasibət göstərir. Daha yaxşı olmasını istəyir, tələb edir.

Amma ortada bir məqamı mütləq qeyd etməyə bilmirəm. Bəzi “sənətkarların” efirlərdə, səhnələrdə, el şənliklərində sazla uyğunsuz rəftarı, təlxəklik etmələri, sazı göydə oynatmaları, boyunlarının arxasında gəzdirmələri böyük miqyasda tənqid edilmir. Əksinə, belələrini övladının toyuna çağırıb yüksək qonorar ödəyən xeyli soydaşımız var. Bu insanların yaşadığı cəmiyyətdə “hər elimdən halı” olanların reaksiyaları da səmimi görünmür. Sazın qayğısına qalırıqsa, Ələsgərin qiymətini biliriksə, mübarizlərin sazla rəftarına da kəskin irad bildirməliyik. Onları boykot, tənqid etməliyik.

Başa düşmək lazımdır ki, nə Aşıq Ələsgərin heykəlinin indiki məqamda açılışı, nə də ölkə başçısının bu açılışda şəxsən özünün iştirakı səbəbsiz idi. Görən gözlər, eşidən qulaqlar üçün əlbəttə bundan çıxaracaq bir dərs, anlayacaq hikmətli detallar var. Aşıq Ələsgərin bəyənmədiyiniz o heykəli ilə Prezident lazımi yerlərə nüvə silahından da təsirli mesaj verdi.

Bu gün bütün Ermənistan bu mesajı müzakirə edir.

Bəs biz nəyi müzakirə edirik?

Bəlkə bir az düşünək!

Turan Rzayev
Globalinfo.az-ın siaysət yazarı