Xəbər verdiyimiz kimi, 30 sentyabrda Bakıda Aşıq Ələsgərin heykəlinin açılışı baş tutub. Açılışda Prezident İlham Əliyev iştirak və çıxış edib.
Abidənin fotosu sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri heykəli tənqid edib.
Globalinfo.az-a danışan Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli deyib ki, heykəltəraş əslində çox gözəl bir əsər yaradıb.
Onun sözlərinə görə, Aşıq Ələsgər aşıq deyil, sadəcə sözlərini sazla deyib:
“Sözlərini sazla dediyi üçün ona aşıq deyirlər. Aşıq Ələsgər böyük bir şəxsiyyətdir.
Xətai Ələsgərli
Onun sazı olmasaydı, Nizami Gəncəvi Gəncə təxəllüsü ilə tanındığı kimi, o da Ələsgər Göyçəli olardı. Çünki bütün şeir janrlarına toxunub, hər üslubda gözəl şeirlər yazıb. Saz onun əlində bir vasitə olub.
Şah məqam deyilən bir anlayış var. Aşıq Ələsgər abidədə ərşlə əlaqəyə girib. Orada görünən sözün bitdiyi andır. Heykəltəraş o məqamı yaradıb. Bu abidəyə sənətkar gözü ilə baxmaq lazımdır.
Bilirsiniz, Ələsgərin şeirinə fərqli prizmalardan baxılmalıdır. O, həmin abidədə aşıq kimi oturub sazı sinəsinə sıxmamalı idi. Bu, dinamik əsərdir, şəhərin mərkəzində bir çağırış, hayqırtıdır. Prezidentin də dediyi kimi, Göyçədə qurulanda artıq oturaq variantda olacaq. Yəni müdrik el ozanı kimi dayanacaq. İnanın ki, insanlar heykəli canlı görəndə, fərqli düşüncə yaranacaq. Qohumlarımızın çoxu hazırlanan vaxt şəkildən bəyənmirdilər. Heykəli gördükdən sonra fikirləri dəyişdi. Vallah, babam olduğu üçün demirəm, amma heykəl çox gözəldir”.
X.Ələsgərlinin fikrincə, bədbəxtliyimiz ondan ibarətdir ki, biz Ələsgəri yalnız aşıq kimi qəbul etmişik və onu klassiklərdən ayırmışıq:
“Ədəbiyyatımızı, dinimizi, dilimizi qoruyub saxlayan Ələsgər yaradıcılığı olub. Aşıq adı verib, onun şəxsiyyətini geri salmışıq. Bir zamanlar Rusiyanın təsiri altında milli dəyərlərimizə qiymət verilmirdi, aşıqlıq sənətinə xor baxılırdı. Hətta ilk dəfə Bakıya gələn zaman əlimdə sazla gedəndə hamı mənə baxıb, gülürdü. Amma saz bizim milli dəyərimizdir, kökümüzdür. Sadəcə, Ələsgəri yalnız saza bağlamaq doğru deyil. Çoxu deyir, Aşıq Ələsgər sazı niyə sol əlində tutub? Ələsgər axı sazı sol əllə ifa edib. Xahiş edirəm, tənqid edən hər kəs heykələ yaxından baxsın. Abidənin üz cizgilərini işləyəndə dedim ki, bizim də fikirlərimiz tanınsın. Hətta heykəltəraş Natiq Əliyev Ələsgərin irfan şeirlərini istədi bizdən. Dedi ki, şeirlərə uyğun xarakteristika yaratmaq istəyir, yaratdı da”.
Zaira Akifqızı
Globalinfo.az