Növbələrlə bağlı problem əvvəlki illərlə müqayisədə çox azalıb. Çünki əvvəl Bakıda 5 xidmət mərkəzi fəaliyyət göstərirdi və müəyyən sıxlıq olurdu. Amma dövlət başçısının tapşırığı ilə əlavə iki mərkəz də yaradıldı. Demək olar ki, bu problem artıq həll olunub.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə verdiyi müsahibədə bildirib.
“ASAN” beynəlxalq terminologiyada bu sahədə bir söz var “omnichannel”, yəni çoxgirişli, çoxkanallı xidmət göstərir. Müraciət etmək üçün onlayn növbə götürmək, çağrı mərkəzi vasitəsilə xidmət almaq, onlayn və rəqəmsal xidmətlərdən yararlanmaq mümkündür. Eyni zamanda, buraya yaxınlaşıb növbə götürərək də xidmət almaq olar”, – deyə Dövlət Agentliyinin sədri vurğulayıb.
O qeyd edib ki, vətəndaşlar onlayn şəkildə növbə götürürlərsə, bir dəqiqə belə gözləmədən dərhal yaxınlaşıb xidmətdən istifadə edə bilirlər: “Vətəndaşlarımızın bu xidmətə daha çox yönəlməsi üçün təbliğat-təşviqat işlərini gücləndiririk. Eyni zamanda süni intellekt həllərini inkişaf etdirməklə çalışırıq ki, vətəndaşlarımızın məmnuniyyət səviyyəsini daim qoruyaq. Xidmətlərimizi təkmilləşdirmək əsas məqsədlərimizdən biridir və qeyd etdiyim kimi rəqəmsallaşma da onun əsas hissəsidir”.
Ü.Mehdiyev rəqəmsallaşmanın ümumi hədəfə çatmaq üçün vasitə olduğuna diqqət çəkib:
“Rəqəmsallaşma özü-özlüyündə məqsəd ola bilməz, olmamalıdır. Rəqəmsallaşma bir vasitədir, ümumi hədəfə, məqsədə çatmaq üçün bir metoddur. Buna görə də “ASAN xidmət” olaraq hesab edirik ki, rəqəmsal həllər yalnız o halda tətbiq olunmalıdır ki, onlar real bir dəyər yaratsın və vətəndaşın gözləntilərini tam qarşılasın.
Təsadüfi deyil ki, məhz bu prizmadan yanaşaraq cənab Prezidentin süni intellektlə bağlı bir fəaliyyət planı təsdiq olundu, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal Şura yaradıldı. Düşünürəm ki, bununla təkcə “ASAN xidmət”də yox, həm ölkə səviyyəsində dəyər yarada bilən proses gedir. Əsas hədəfi Cənab Prezident elan edib – Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaş dayanır, bax bu dəyərə xidmət edən rəqəmsallaşma prosesi baş verir və bu prosesin içində də “ASAN” öz xidmətlərini təkmilləşdirəcək”.