“Arzum 9999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın ev dustaqlığına buraxılması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir qisim bunu humanist qərar kimi qiymətləndirir, digərləri isə tiktokerin bu qədər gündəmdə qalmasını, ona görünməmiş dərəcədə dəstək verilməsini tənqid edir.
Bu hansı psixoloji halın nəticəsidir?
Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova deyib ki, Arzumun ev dustaqlığına buraxılması ətrafında yaranan müzakirələr əslində bir şəxsdən daha çox, müasir cəmiyyətin sosial media fenomenlərinə münasibətini göstərir:
“Psixoloji baxımdan insanlar tanınmış simalarla tez-tez “parasosial münasibət” adlanan emosional bağ qururlar. Yəni onu şəxsən tanımasalar da, gündəlik həyatını izlədikləri üçün özlərinə yaxın hiss edirlər. Bu səbəbdən belə şəxslərlə bağlı hadisələr insanlarda adi vətəndaşlarla müqayisədə daha güclü emosional reaksiya yarada bilir.
Digər tərəfdən, cəmiyyətdə bunun əksinə reaksiya verənlər də var. Onlar hesab edirlər ki, sosial media məşhurlarına həddindən artıq diqqət ayrılır və bu diqqət daha vacib sosial məsələlərin kölgədə qalmasına səbəb olur. Buna görə də tənqidlər təkcə konkret şəxsə deyil, ümumilikdə məşhurluq fenomeninə yönəlir”.
Psixoloqun sözlərinə görə, bu hadisə göstərir ki, sosial şəbəkələr artıq yalnız əyləncə platforması deyil, həm də ictimai rəyin formalaşdığı, insanların kimlik, dəyər və ədalət anlayışlarını müzakirə etdiyi bir məkana çevrilib:
“Bir tərəf hadisəyə humanist yanaşmanı önə çəkir, digər tərəf isə diqqətin kimə və hansı meyarlarla yönəldildiyini sual altına alır. Burada əsas nəticə ondan ibarətdir ki, insanların reaksiyaları çox vaxt konkret şəxsdən daha çox, onların öz dəyərlərini, ədalət hissini, sosial bərabərliklə bağlı düşüncələrini və məşhurlara münasibətini əks etdirir. Ona görə də bu müzakirələrə yalnız bir tiktokerin taleyi kimi deyil, cəmiyyətin psixoloji və sosial dinamikalarının göstəricisi kimi baxmaq daha doğru olar”.
Zaira Akifqızı
Globalinfo.az