Arvadını izlədi, vəzifəli şəxslə birgə yaxaladı – Sumqayıtdakı cinayətin təfərrüatı

Dekabrın 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən ilin sentyabrın 28-də saat 11 radələrində 1988-ci il təvəllüdlü İ.İbişova 17 bıçaq xəsarəti yetirərək onu öldürməyə cəhd edən 1978-ci il təvəllüdlü R.Yunusovun məhkəmə prosesi başa çatıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümmətovun sədrliyi ilə keçirilən prosesdə R.Yunusov Cinayət Məcəlləsinin 29.120.1 və 185.1-ci (qəsdən adam öldürməyə cəhd və talama məqsədi olmadan avtomobil qaçırma) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə məlum olub ki, bıçaqlanan İ.İbişov 2017-ci ildən Sumqayıt şəhəri Telefon qovşağında sektor müdiri işləyir. R.Yunusov həyat yoldaşını həmin şəxslə birgə yaxalayan zaman ona çoxsaylı bıçaq zərbələri endirərək öldürməyə çalışıb. Hadisəni törədən 44 yaşlı kişi ifadəsində deyib:

“2011-ci ildə Nigarla (şərti adlı) evlənib, 2018-ci ildə boşanmışamr. Lakin sonra uşaqlara görə yenidən barışdıq. İşdə olarkən həyat yoldaşım Nigarın telefonunda quraşdırılmış Whatsapp proqramını izləməyə qoymuşdum və onun İ.İbiçovla yazışmalarını gördüm. Belə ki, evə internet xətti çəkmək istəmişdik, bunun üçün ATS-ə müraciət etmişdik. ATS-dən İ.İbişov yoldaşım Nigarla əlaqə yaradıb, telefon xətti çəkmək üçün gəlib evə baxıb. İlk əvvəllər telefon yazışmalarında Nigar həmin şəxsə “müəllim” deyə müraciət edirdi, lakin sonrakı yazışmaların mövzusu dəyişib, “müəllim” sözü aradan çıxıb. İ.İbiçovla Nigar görüş təyin ediblər. Hadisə günü mən işə getmək adı ilə evdən çıxdım, lakin işə getmədim. Bir qədər sonra İ.İbiçov “Mercedes C class” markalı avtomobili bizim evin yanına gəldi. Nigarı və qızımı götürüb getdilər. Onları gözdən itirməmək üçün taksiyə minib sürücüdən həmin avtomobili izləməsini xahiş etdim. Birinci olaraq qızımı 31 saylı orta məktəbə düşürtdülər, oradan Sumqayıt şəhəri bulvar ərazisində MTK tərəfindən tikilmiş yeni tikilinin qarşısında dəniz kənarına getdilər. Qumsallıqda maşını saxladıqdan sonra Nigar axra oturacaqdan düşüb maşının ön oturacağına keçdi. Taksini təxminən 20-30 metr aralıda saxladıb sürücüyə 5 manat gediş haqqı verib düşdüm. İ.İbişovun avtomobilinə tərəfə getdim. Maşına çatanda sürücü əyləşən qapını açıb içəri baxarkən onun yoldaşımla əl-ələ tutduğunu gördü. Onun yaxasından tutub “sən bilirsən kimə ilişmisən” deyib dartdım. Həmin vaxt Nigar məni görüb qorxduğu üçün maşından düşərək qaçdı. İ.İbişovu yaxasından tutaraq çölə dartıb üzünə yumruq atdım. O daməni vurmağa başladı, əlbəyaxa olub yerə yıxıldıq. Yerə yıxılanda üstümə çıxıb əlləri ilə məni boğmağa çalışdı. Özümü müdafiə etmək üçün bıçaqla onun bel nahiyəsinə 2 dəfə bıçaq vurdum. Sonra onun əllərini tutdum, “burax, mən də buraxacam” dedim. Əllərini buraxıb qaçıb İ.İbişovun maşınına minib hadisə yerindən uzaqlaşdı. Yaşadığım Yaşıl dərə massivinə gedib maşını raya qoyub anamın qəbrini ziyarət etmək üçün Qazax rayonuna getdim. 30 sentyabrda geri qayıdaraq polisə təslim oldum. Hadisəni törədərkən İ.İbiçovu öldürmək niyyətim olmayıb”.

Bıçaqlanan İ.İbişov da ifadəsində Nigarla onun ATS müraciətindən sonra tanış olduğunu etiraf edib. O, R.Yunusovdan şikayətçi olmadığını deyib və bildirib ki, təqsirləndirilən şəxsin onu öldürmək niyyəti olsaydı, onu qətlə yetirərdi, lakin bu imkanı olsa d, rəhm edərək gedib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr tarixli hökmü ilə R.Yunusov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Malik
Globalinfo.az