Argentina prezidentinin arxasındakı erməni milyarder kimdir? – FOTO

Argentinanın işgüzar elitası yeni seçilmiş prezident Xavyer Mileyə böyük şübhə ilə yanaşsa da, ölkənin dördüncü ən zəngin adamı onu sakitcə alqışlayır.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki  bu, “Corporación América” konqlomeratının 90 yaşlı sahibi, erməni əsilli milyarder Eduardo Ernekyandır.

Media və hava limanları sahəsində var-dövlət qazanan iş adamı 2008-ci ildən 2021-ci ilə qədər Mileyin müdiri olub və nəticədə onu şirkətinin baş iqtisadçısı edib. Analitiklərin fikrincə, 52 yaşlı dövlət başçısının siyasi və iqtisadi baxışları məhz Ernekyanın təsirilə formalaşıb.

“Financial Times”a verdiyi müsahibədə Ernekyan Mileyə etimadını təsdiqləyib. “Düşünürəm ki, Miley çox yaxşı prezident olacaq”, – deyə iş adamı bildirib.

Ernekyanın bir neçə keçmiş işçisi daxili işlər naziri və baş nazir kimi postları tutmaqla Mileyin ən yaxın komanda üzvləridir. Hərçənd onların təyinatı hələ rəsmən açıqlanmayıb.

Qeyd edək ki, 1932-ci ildə Buenos-Ayresdə erməni mühacirlərin ailəsində anadan olan Ernekyan valideynlərinin tekstil biznesində iş faəliyyətinə start verib və 1980-ci illərin əvvəllərində Argentina xəbər agentliklərini almağa başlayıb. O, 1998-ci ildə hava limanı qrupu yaratmazdan əvvəl media imperiyasını satıb. Növbəti 20 ildə milyarderin “Corporación América Airports” şirkəti 53 hava limanını özündə birləşdirib. “Corporación América” həm də enerji, infrastruktur, aqrobiznes və maliyyə xidmətləri bölmələrinə malikdir.

Argentina mediasında “El Armenio” kimi tanınan iş adamı 2004-cü ildə Folklend müharibəsində həlak olan argentinalı əsgərlər üçün Şərqi Folklenddə qəbiristanlıq tikdirib. 2020-ci ildə Argentina-Böyük Britaniya münasibətlərindəki xidmətlərinə görə Ernekyan xüsusi mükafata layiq görülüb.

Argentina müxalifəti Ernekyanı Mileyin “intellektual atası” kimi dəyərləndirir. Bildirilir ki, yeni prezidenti məşhurlaşdıran məhz maqnatın sahib olduğu telekanallar olub. Dövlət başçısını siyasətə qoşulmağa təşviq edən də elə erməni biznesmendir. Məhz Ernekyan Mileyin üzünə bir çox qapıların açılmasını təşkil edib.

Maraqlıdır ki, erməni milyarderlə Miley arasında bir sıra paralellər mövcuddur. Onlardan heç biri Argentinanın elitasını formalaşdıran məktəblərdən və sosial klublardan çıxmayıb. Heç biri evlənməyib. Hər ikisi əsəbi xasiyyətlərilə tanınan çılğın şəxslərdir. Onların fərqi yalnız dini baxışlarındadır. Belə ki, Erməni Apostol Kilsəsinin tərəfdarı olan Ernekyan Mileyin keçmiş Buenos-Ayres arxiyepiskopu olan Roma Papası Fransiski “şərin yer üzündəki nümayəndəsi” kimi təsvir edən son şərhlərini tənqid edib.