Argentina prezidenti yenə hər kəsi təəccübləndirdi – VİDEO

Argentina Prezidenti Xavyer Miley vəzifəsinin icrasına başladığı andan dünya mediasının gündəmində olmağı bacarıb.

Globalinfo.az-ın oxu.az-a istinadən xəbərinə görə, belə ki, o, andiçmə mərasimindən sonra izdihamla birlikdə mahnı ifa edib.

Seçki kampaniyası zamanı siyasətçi tez-tez xalq qarşısında “Hər kəsə salam! Mən şirəm – prospektin ortasında nərildəyən aslan” beyti ilə başlayan mahnı oxuyurdu. Bu dəfə o, mahnının sözlərini dəyişərək “Argentinanın siyasi kastasını parçalamağa” söz verib.

Daha bir maraqlı məqam isə sələfi Alberto Fernandesdən aldığı əsadır. Güc simvollarından biri hesab olunan əsanın üzərində Argentinanın yeni liderinə məxsus beş it və onların adları təsvir olunub.

Miley mastif cinsindən dörd itin sahibidir – Murray, Milton, Robert və Lukas. Onlar siyasətçinin sevimli iqtisadçılarından üçünün – Murray Rotbard, Milton Fridman və Robert Lukasın şərəfinə adlandırılıb. Bütün itlər Mileyin 2017-ci ildə ölən iti Konanın klonlarıdır.

O, bu heyvanları özünün övladları və ən yaxşı dostları hesab edir, seçkidə qalib olduqları üçün də onlara təşəkkür edib.

Dövlət başçısı vacib məsələlərdə də itlərlə məsləhətləşdiyini deyib.

“Başqa kimlərlə edim? Mənim dördayaqlı dostlarım ən yaxşı strateqlərdir”, – deyə o, jurnalistlərə bildirib.

Qeyd edək ki, Xavyer Miley dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. İnaqurasiya mərasimi Konqresin binasında baş tutub.