Gelandewagen

Xəbər verdiyimiz kimi, iyunun 7-də Abşeron rayonunun Masazır qəsəbəsində “Mercedes Gelandewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında insident baş verib. Belə ki, “Kia” sürücüsü əsas yola çıxmaq istəyərkən qarşısına 77-UE-011 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Ş.Həmzəyev çıxıb. “Kia”nın sürücüsü buna etiraz etdikdə Ş.Həmzəyev onu təhqir və təhdid edib. Daha sonra “Gelandewagen”in sürücüsü avtomobilini qəsdən “Kia”ya çırpıb. Artıq “Mercedes Gelandewagen”in sürücüsü saxlanılıb, avtomobili cərimə meydançasına aparılıb.

Son illər yollarda sürücülər arasında aqressiv davranışlar, yol üstünlüyü ilə bağlı mübahisələr və münaqişələrin artdığı müşahidə olunur. Bu, nədən qaynaqlanır? Bundan başqa, “Mercedes Gelandewagen”in sürücüsünü hansı cəza gözləyir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu cür davranışlar qudurğanlığın əlamətidir:

“Belə insanlar əllərinə müəyyən imkan və vəsait keçəndən sonra özlərini cəmiyyətin qalan hissəsindən üstün hesab etməyə başlayırlar. Hədlərini aşır, qanunları və ictimai qaydaları nəzərə almadan hərəkət edirlər. Həyatda öz zəhməti və əməyi ilə özünü təsdiq edə bilməyən insanlar var. Bəziləri başqalarının hesabına müəyyən mövqeyə gəlir və sonradan bunu nümayiş etdirməyə çalışırlar, harınlayırlar. Öz əməyi ilə nəyəsə nail olan insanlar əldə etdiklərinin dəyərini bilirlər. Ancaq bəziləri ailəsinin, qohumlarının və ya təsadüfi qazancın hesabına müəyyən imkanlar əldə etdikdən sonra özlərini fərqli aparmağa başlayırlar. Məsələn, haradansa mal gətirib satmaqla müəyyən vəsait qazanan kimi bahalı avtomobil alır və bunu başqalarından üstünlüyünün göstəricisi hesab edir. Halbuki bahalı avtomobil sürmək heç də başqalarını tapdalamaq, onların hüquqlarını pozmaq və ya özünü onlardan üstün aparmaq hüququ vermir”.

elmeddin45

Elməddin Muradlı

E.Muradlının fikrincə, belə hallarda cəmiyyətin reaksiyası təbiidir:

“Haqlı olaraq belələrini linç edirlər. İnsanlar bu cür davranışları qınayır, tənqid edir və ictimai qınaq formalaşdırırlar. Yəqin ki, həmin şəxs də onun haqqında yazılanları oxuyur və bu münasibəti görür, deyilənləri də həzm edir. Bu, özü də müəyyən mənada bir cəzadır. Bununla yanaşı, qanun pozuntusu varsa, təbii ki, dövlət qurumları da öz səlahiyyətləri çərçivəsində tədbir görməlidir. Çünki söhbət təkcə bir nəfərin davranışından deyil, cəmiyyətə qarşı nümayiş etdirilən güc və üstünlük iddiasından gedir. Belə halların qarşısının alınması vacibdir”.

Vəkil Ramil Süleymanov bildirib ki, həmin şəxsin bu cür hərəkətlərə yol verməsi, o cümlədən başqa bir şəxsə məxsus avtomobilə ziyan vurması hüquqi məsuliyyət yaradan əməl hesab oluna bilər:

Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayətini nəzərdə tutur. Həmin maddəyə əsasən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən, şəxslərə qarşı zor tətbiq olunması, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq hesab edilir”.

ramil suleymanov 900x600 1

Ramil Süleymanov

Vəkil deyib ki, qeyd olunan əməl ilkin qiymətləndirmə baxımından Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətlərinə uyğundur:

“Həmin maddənin sanksiyasına əsasən, təqsirli şəxs 1000 manatdan 3000 manatadək məbləğdə cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Eyni zamanda, əməl daha ağırlaşdırıcı hallarda törədildikdə, məsələn, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq və ya təkrar törədildikdə, silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə olunduqda, yaxud zərərçəkmiş şəxsə qarşı zor tətbiq edildikdə və ya əmlaka ciddi ziyan vurulduqda, məsuliyyət daha da ağırlaşır. Belə hallarda Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən daha sərt cəzalar, o cümlədən iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutula bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: