Araik istefa verdi, Xankəndidə xaos başladı – Bakı müdaxilə edəcək?

“Araik Arutunyanın “istefası” Qarabağdakı xaosun qarşısını ala bilməyəcək”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyanın istefa verməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Araikin “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq:

Elxan Şahinoğlu

“Ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.

Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik”.

Politoloq Arutyunyanın “dövlət naziri” Qurgen Nersisyanı da “vəzifəsindən” azad etməsi haqda danışıb:

“Arutyunyanın “dövlət naziri” Qurgen Nersisyanı da “vəzifəsindən” azad etməsi hələlik dəqiq deyil. Erməni saytları bu haqda məlumat yayıb, lakin bu xəbər hələlik təsdiqlənməyib.

Hazırda Xankəndi və ətraf ərazilərdə idarəolunmaz bir vəziyyət var. Separatçılar çıxış yolu tapa bilmir. Arutyunyan uzun müddət idi ki, istefa verib qaçmaq istəyirdi. Lakin Rusiya buna icazə vermirdi. Düzdür, bu o demək deyil ki, hazırkı prosesləri Rusiya idarə edir. Reallıq ondan ibarətdir ki, separatçılar çıxılmaz vəziyyətdədir. Qeyd etdiyim kimi, separatçılar qondarma seçkilər keçirmək istəyəcək. Biz buna icazə verə bilmərik”.

E.Şahinoğlu mövcud siyasi vəziyyətdə Azərbaycanın antiterror əməliyyatlarına başlama ehtimallarını dəyərləndirib:

“Hesab edirəm, hələlik prosesləri izləməliyik. Amma xaos dərinləşərsə və separatçılar bir-birinə qarşı atəş açmağa başlayarsa, bu zaman müdaxilə etmək imkanlarımız ola bilər”.

Turan Rzayev
Globalinfo.az