ceyhun bayramov 21 900x617 2

“Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışların çox şahidi olmuşuq. Hər bir dövlətin hüququdur ki, ərazisində insanlıq əleyhinə və hərbi cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etsin”.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı Globalinfo.az-ın əməkdaşının sualını cavablandırarkən deyib.

Nazir vurğulayıb ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil:
Azərbaycan yüzlərlər belə şəxsi 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana qaytarıb. Azərbaycanda həbsdə olan erməniəsilli şəxslərin azadlığa buraxılması barədə çağırışların çox şahidi olmuşuq. Azərbaycan dövləti çox böyük humanistlik edərək 2023-cü ildə antiterror tədbirlərindən sonra ərazilərimizdə dövlətimizə qarşı cinayət törətmiş silahlı qruplaşmanın üzvü olan on mindən çox insanın Ermənistana qayıtmasını təmin edib. Onlar cinayət məsuliyyətinə də cəlb olunmayıb. Məncə, ermənilər bunu dəyərləndirməlidirlər. Azərbaycan dövləti olduqca çox humanist addımlar atıb.

Hazırda Azərbaycanda məhkum olunmuş və cinayət prosesi davam edən 23 nəfərə gəldikdə isə, Ceyhun Bayramov deyib ki, onlar ağır cinayət törətmiş şəxslərdir:

“Cinayət prosesi davam edən şəxslərlə bağlı heç bir qərar qəbul edilə bilməz. Onların azadlığa buraxılması ilə bağlı Azərbaycana qarşı çox kampaniyalar görmüşük. Hətta COP29 ərəfəsində Azərbaycan üzərində belə böyük beynəlxalq kampaniya var idi. Bunu edən şəxslər və hər kəs qəbul etməlidir ki, bu kimi addımlarla qanuna uyğun gəlməyən qərarları Azərbaycan dövlətinə qəbul etdirmək mümkün deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: