Aqil Abbasdan həmkarı haqda iddialara cavab: Bacarmaz!

Xalq yazıçısı Çingiz Abdullayevin ölkədən getmək istəməsi ilə bağlı yazdığı status gündəm olub. Onu müdafiə edənlər də var, haqqında tənqidi fikir səsləndirənlər də. Ç.Abdullayevin tənqid edilməsinin əsas səbəbləri isə Azərbaycan dilində səlis danışa bilməməsi və müğənni Elza Seyidcahanı Azərbaycan Yazıçılar Birliyinə üzv etməsidir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Aqil Abbas qırğız yazıçısı Çingiz Aytmatovu xatırladıb:

“Ç.Aytmatov, bəyəm, qırğız dilində danışırdı, yoxsa o dildə yazırdı?! Azərbaycanda da rusdilli yazıçılar var – Natiq Rəsulovu misal çəkə bilərəm. Ç.Abdullayev rus dilində təhsil alıb, ona görə də fikrini bu dildə çatdırır. Çingizi sosial şəbəkələrdə çox təhqir edir, qıcıqlandırırlar. Tənqid edilsə, heç nə deməz, axı onu təhqir edirlər. Bu isə onu qıcıqlandırır! O da insandır, əsəbiləşir.

Xüsusi qruplar var ki, tanınmışları təhqir edir, böhtan atır, bu azmış kimi, demədikləri sözləri də onların adından yazırlar”.

A.Abbas deyib ki, Çingiz Abdullayev ölkəni tərk etməz:

“Çingiz ölkəni tərk edəcəyini əsəbindən yazıb. O, Azərbaycandan gedən deyil. Elza Seyidcahana gəldikdə isə, onun AYB-yə üzv olması bizim sözümüzlə deyil ki. Məndən olsa, oradan azı 1500 adamı uzaqlaşdıraram. E.Seyidcahan da onlardan biridir. O, yaxşı bəstəkardır, gözəl müğənnidir, amma fikrimcə, şeir yazması onun böyük səhvidir. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.

Çingiz Abdullayev Azərbaycanı dünyada təbliğ edən yazıçıdır. Bu dərəcədə üzərinə getmək olmaz! Razıyam, kimliyindən asılı olmayaraq hər kəs öz ana dilində danışmağı bacarmalıdır, lakin Çingiz bu yaşdan sonra dilimizi öyrənə bilməz. Çünki o, Azərbaycan dilində oxumur”.

Zaira Akifqızı
Globalinfo.az