Vüsalə Mahirqızı: “APA TV 10 ildir yaşayırsa, deməli, nəticə uğurludur”

Bu gün Azərbaycanın önəmli və populyar informasiya resurslarından olan APA TV-nin fəaliyyətə başlamasından 10 il ötür.

Globalinfo.az bu münasibətlə “APA Holdinq” MMC-nin prezidenti, APA TV-nin təsisçisi Vüsalə Mahirqızı ilə əlaqə saxlayıb.

V.Mahirqızı zamanın tez keçdiyini deyib:

“Açığı, APA TV-nin yaradılmasından 10 il ötməsinə özüm də təəccüblənirəm. Həmin vaxt sosial şəbəkələr artıq informasiya mənbəyinə çevrilməyə başlayırdı. İnsanlar informasiyanı internetdən əldə etməyə daha çox üstünlük verirdi. Biz araşdırma aparan zaman görürdük ki, insanların diqqətini video-kontentlə verilmiş məlumatlar daha çox çəkir. Yəni izləyicilər video izləməyi oxumaqdan üstün tutur. Video-kontent adamları həm də görmək istədiyi hadisə yerinə aparır, özlərini həmin məkanda hiss etdirir.

İnsanların klassik televiziyadan daha çox internetdə qısa və tutumlu videolar izləmək istədiklərini müəyyənləşdirirdik. Ona görə oxucunun, tamaşaçının bu ehtiyacını ödəmək üçün APA TV adlı internet televiziyası yaratmağı qərar aldıq. Elə eyni adlı loqo ilə də yaratdıq”.

Vüsalə Mahirqızı deyib ki, APA TV 10 ildir yaşayırsa və brendə çevrilə bilibsə, deməli, nəticə uğurlu alınıb:

“Hazırda APA TV-yə müxtəlif sosial platformalarda aylıq milyonlarla adam baxır və eyni zamanda artıq platforma yayımçısı statusu almışıq. Düşünürəm ki, növbəti mövsümdən kabel televiziyalarında öz yayımımızı həyata keçirməyə tam hazır olacağıq. Hesab edirəm ki, APA TV yaxşı model idi. Çünki ölkəmizdə daha sonra çoxlu internet televiziyalar yarandı və indi də yaranmaqda davam edir. Uğurlu və baxımlıdırlar, insanların informasiya aldığı alternativ elektron mənbədirlər”.

Globalinfo.az kollektivi olaraq APA TV-ni 10 yaşı münasibəti ilə təbrik edirik. Həmkarlarımıza bol uğur, daha geniş tamaşaçı auditoriyası arzulayırıq.   

Zaira Akifqızı
Globalinfo.az