“Hazırda xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin – ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu əməliyyat qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunmuş böyük Zəfər yolunun Xankəndi zirvəsidir. Həmin o əzəmətli zirvədən dönüb keçmişə, 21 il öncəyə baxdıqda Azərbaycan adlı dövləti amansız təlatümlərdən, xain xislətlərdən qoruyan, dərin siyasi-iqtisadi böhrandan xilas edərək yenidən quran Ulu Öndər Heydər Əliyevin xalqına o məşhur müraciəti yada düşür: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ulu Öndərimiz, sözsüz ki, xalqının və dövlətinin taleyi ilə bağlı hər bir məsələyə məsuliyyətlə yanaşırdı. Bu müraciətdə də böyük bir məsuliyyət və dərin inam var idi”.
Bu fikirləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, Ümummilli Liderimiz əmin idi ki, yüksək intellektli, praqmatik düşüncəli, beynəlxalq siyasəti və dünya iqtisadiyyatını dərindən bilən İlham Əliyev cənabları qarşıda duran bütün vəzifələri vaxtında və dəqiq yerinə yetirəcək: “Çünki o, Heydər Əliyev məktəbinin ən işıqlı məzunudur, dahi Liderimizdən dərs alıb və ondan qətiyyəti, iradəni, xalqına dərin məhəbbəti və Vətənə sədaqəti əxz edib. Təbii ki, Ulu Öndərimizin nəzərdə tutduğu taleyüklü məsələlər sırasında işğala məruz qalmış torpaqlarımızın azad edilməsi birinci gəlirdi. Heç də təsadüfi deyildir ki, Şuşa düşmənlərdən tam təmizlənən gün Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” demişdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin ilk günündən xalqımız artıq qələbə qoxusunu duymuşdu. Dövlətimizin başçısının məqsədyönlü və genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmləndi, iqtisadiyyat dönməz inkişaf yolu tutdu, Azərbaycan kosmos ailəsinin üzvünə çevrildi, həmçinin Vətənə məhəbbət ruhunda yeni gənclik formalaşdı, güclü və yenilməz ordu quruldu. Bir sözlə, bütün yollar, atılan addımlar Qarabağa istiqamətlənmişdi. 2016-cı ildə Aprel döyüşləri və 2018-ci ildə Günnüt zəfəri böyük Qələbənin müjdələri oldu. 2020-ci ildə isə düşmənə Tovuz döyüşlərində ağır zərbə vuruldu və bundan ayılmamış dəmir yumruq başlarına endi. Cəmi 44 günə işğalçı ordu məhv edildi, sağ qalanlar isə yalnız fərarilər idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz ordumuzun rəşadəti və yüksək döyüş ruhu, həmçinin xalqımızın sarsılmaz birliyi sayəsində möhtəşəm və bənzərsiz Qələbə ilə işğala son qoyuldu”.
“Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh əlini uzatsa da, qarşı tərəf müxtəlif bəhanələrlə bundan yayınır, hətta hərbi təxribatlara əl atır, məhv edilmiş ordusunun tör-töküntülərini üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, ərazilərimizdən çıxarmırdı. Bununla yanaşı, kəşfiyyat fəaliyyətlərini genişləndirir, təmizlənmiş əraziləri yenidən minalayır, məqsədyönlü və planlı terror siyasəti həyata keçirirdi. Qarabağdakı separatizmin tullantıları isə “müstəqillik” oyununu yenidən davam etdirir, nə qədər gülünc olsa da, “prezident”lər seçir, qondarma “parlament”ləri bəyanatlar səsləndirirdi. 2023-cü il sentyabrın 19-da isə terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin və Daxili Qoşunların hərbi qulluqçularının şəhid olması, ordumuzun bölmələrinin atəşə tutulması və iki hərbi qulluqçunun yaralanması, həmçinin elə həmin gün Ağdam və Şuşada iki mülki şəxsin erməni terrorunun qurbanı olması səbir kasasını dolduran son damla oldu. Bütün bunlar göstərirdi ki, antiterror tədbirləri qaçılmazdır. Odur ki, yenilməz və qəhrəman ordumuz üçtərəfli bəyanatın müddəalarının təmin olunması, erməni silahlılarının zərərsizləşdirilərək torpaqlarımızdan çıxarılması, azərbaycanlı mülki işçilər və hərbçilərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də Azərbaycanın konstitusiya quruluşunun bərpa olunması məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Rəşadətli və təcrübəli əsgər və zabitlərimizə bu əməliyyatı da uğurla yekunlaşdırmaq üçün elə də çox vaxt lazım olmadı, cəmi 24 saatdan az müddətdə düşmənin dizini yerə qoydu və təslim olmağa məcbur etdi. Separatizmin başında duranlar, vaxtı ilə Azərbaycana hədə gələnlər saxlanılaraq əli qandalı Bakıya gətirildilər. Bu əməliyyat da Ali Baş Komandan cənab İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi. Xalqımız həmişə olduğu kimi, bu dəfə də həmrəylik nümayiş etdirərək öz rəhbərinin ətrafında dəmir yumruğa döndü. Məhz bu vəhdət bizi növbəti parlaq Qələbəyə qovuşdurdu. Bu gün azad Xankəndidə, Şuşada, Xocalıda, Füzulidə, Laçında və digər işğaldan azad edilmiş ərazilərdə həyat yenidən qaynayır, geniş və sistemli abadlıq-quruculuq işləri aparılır. Yerli sakinlər xoşbəxt və böyük fərəh içərisində öz yurd-yuvalarına dönürlər. Gözəl Şuşamız əvvəlki kimi yenə də qonaqlı-qaralıdır, beynəlxalq və yerli tədbirlərə, konfranslara, musiqi festivallarına layiqli şəkildə evsahibliyi edir. Bu il uzun illərdən sonra Şuşada və Xocalıda ilk zəng çalındı, şəhərə köçürülən ailələrin övladları yeni tədris ilinə başladılar. Eləcə də Xankəndidəki Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açır. Bu mənzərəni seyr etdikcə yenə də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə 2003-cü ildə xalqına etdiyi müraciəti xatırlayırıq və taleyüklü məsələni cənab İlham Əliyevin yüksək peşəkarlıqla necə həll etdiyini görürük”, – AHİK sədri bildirib.
“Hadisələrin sonrakı gedişi göstərdi ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin dəmir iradəsi və sarsılmaz qətiyyəti sayəsində başa gəlib. Əsasən münaqişədən sonra bir sıra dövlətlər, beynəlxalq təşkilatlar yenə də ikili standartlardan çıxış edərək sərsəmləməyə başladılar, mənasız, böhtan xarakterli bəyanatlar qəbul etdilər. Elə sandılar ki, guya Azərbaycanı ləkələyə, haqq işinə kölgə sala biləcək və tutduğu yoldan döndərəcəklər. Bu işdə daha çox dəridən-qabıqdan çıxan isə dünyada ədalətsiz mövqeyi və yanaşmaları ilə tanınan Fransa idi və bu gün də həmin ampluasındadır. Fransa Prezidenti Emmanuel Makron utanmadan bərbad vəziyyətdə olan daxili siyasətlərini bir kənara tullayaraq Azərbaycanın daxili işinə əl uzatmağa cəhdlər edir. Müstəmləkəçi siyasətini davam etdirən, insan haqlarını ayaqlar altına atan, koloniyalarının sərvətlərini talayan bir ölkənin boyundan hündürə tullanması, təbii ki, yersizdir və iflasa uğrayacaq. Azərbaycan müstəqil dövlətdir, dönməz yol tutub və onun siyasətinə təsir etməyə Fransa kimi dövlətlərin gücü çatmaz. Sözsüz ki, bunu illərin təcrübəsi də sübut edir”, – Konfederasiya sədri Sahib Məmmədov fikrini tamamlayıb.