anna akopyan

Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyandan boşanmış sabiq birinci xanım Anna Akopyan yenidən gündəmə gəlib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistanın bəzi saytları və sosial şəbəkələri Anna Akopyan və onun rəhbərlik etdiyi “Mənim addımım” fondu haqqında videomateriallar yayıb.

Videoların birində iddia olunur ki, guya Türkiyədən kimlərsə Anna Akopyanın icraçı direktoru olduğu “Mənim addımım” fonduna milyonlarla dollar vəsait köçürür.

Digər bir videoda isə bildirilir ki, Anna Akopyan korrupsiya izlərinin olması və reytinqə mənfi təsir göstərməsi səbəbindən siyasi proseslərdən uzaqlaşdırılıb.

Üçüncü videoda isə iddia edilir ki, Anna Akopyan xəstə uşaqlar üçün nəzərdə tutulmuş milyonlarla dolları mənimsəyib və buna görə də “saxta boşanma yolu ilə” ictimai həyatdan yoxa çıxıb.

Anna Akopyan və “Mənim addımım” Fondu yayılan sözügedən xəbərləri tamamilə yalan, əsassız və böhtan xarakterli iddialar adlandırıb.

Qeyd edək ki, Anna Akopyan Paşinyandan ayrılsa da, parlament seçkilərində Baş naziri dəstəkləyən addımlar atmışdı.

Xatırladaq ki, bu ilin 27 fevralında Akopyan Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. Eyni zamanda “Mənim addımım” fondunun icraçı direktoru vəzifəsində qalacağını açıqlamışdı.

Paylaş: