media erdogan resmi torenle karsiladi abd baskani donald trump in ankara da c534tq

NATO sammiti çərçivəsində diqqətlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşə yönəlib. Görüşün əsas gündəm maddələrindən birinin Ankara-Vaşinqton münasibətlərində uzun müddətdir davam edən fikir ayrılıqları və qarşılıqlı sanksiyalar məsələsi olacağı gözlənilir.

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırıla biləcəyini söyləyib. Bu açıqlama iki ölkə arasında son illərdə yaranmış gərginliyin yumşaldılması istiqamətində mühüm mesaj kimi qiymətləndirilir.

Bəs söhbət hansı sanksiyalardan gedir? NATO sammiti Türkiyəyə nə verəcək?

Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu deyib ki, NATO Zirvəsi, əslində, Türkiyənin son 13 ildə Alyans tərkibində artan nüfuzu, güc tutumu və bütünlükdə hərbi inkişaf sahəsində uğurunun göstəricisidir:

“Nəyə görə 13 il əvvəli misal çəkirəm? Çünki Türkiyə vaxtilə məhz 2013-cü ildə “Patriot” raketlərinin ABŞ-dan alınması ilə bağı bir gərginlik yaşamışdı. Daha açıq desək, ABŞ həmin dövrdə “Patriot” raketlərinin tam olaraq idarəetmə texnologiyasını Türkiyəyə vermək istəmirdi. Çünki NATO daxilində olmasına baxmayaraq, ABŞ Konqresinin daxilində Türkiyənin rəqib ölkələri ilə eyni gücə sahib olmasını istəməyən qüvvələr mövcud idi. Türkiyə həmin vaxtı Çinin FD-2000 sistemlərini alacağını açıqladı. Lakin bu, yenə də effekt vermədi. Sonda Türkiyə ilə ABŞ arasında bu məsələ 2017-ci ildə Rusiyanın S400 raket sistemlərini alması ilə nəticələndi.

Bu hadisənin ardınca isə ABŞ 2020-ci ildə 231-ci maddə ilə Türkiyəyə qarşı CAATSA (Countering America’s Adversaries Through Sanctions Act) – yəni “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu” tətbiq edilir. Hazırki sammitdə isə biz zamanın sürətlə necə dəyişdiyini və Türkiyənin bu müddət ərzində ABŞ-ın gözündə necə dəyişdiyini müşahidə edirik. Demək qanunlar bəzən güc qarşısında boyun əyməli olurmuş.

elnur enveroglu
Elnur Ənvəroğlu

Türkiyənin NATO tərkibində olması, əslində Türkiyənin geostrateji imkanları fonunda belə həm Avropa, həm də ABŞ üçün bir növ təhlükəsizlik qarantı rolunu oynayır. Məlumdur ki, Alyans tərkibində Qərb cəbhəsi (ABŞ və Avropa) özlüyündə ortaq dil tapa bilmir. NATO Avropanı artan Rusiya aqresiyasından xilas etmək üçün mümkün yollara baş vurur. Lakin ABŞ bunu çox gözəl anlayır ki, Şərqi Avropanın ən təhlükəli qonşusu olan Rusiya ilə yeganə dil tapa biləcək NATO üzvü Türkiyədir. Bundan əlavə Türkiyə Avropaya açılan Orta Dəhlizin baş nöqtəsində yer alır. Deməli, həyati əhəmiyyətə malik bir sıra imkan və vasitələr Türkiyədən keçir. Bu isə Ankaraya divident qazandırmaqla yanaşı, həm ABŞ, həm də Avropa yanında və ələlxüsus da NATO tərkibində onun gücünə güc qatır.

Sadəcə bir incə nüansa diqqət etmək lazımdır ki, Türkiyə bu günə qədər ona edilən təzyiqlərin sayəsində F-35 təyyarələrindən belə üstün olan KAAN təyyarəsini öz biliyi və gücü sayəsində ərsəyə gətirdi. Eynən Ukrayna təcrübəsi kimi. Təzyiqlər hər zaman bir tərəfin zəifləməsi üçün rol oynamır. Əksinə, həmin tərəfin inkişafına təkan verir. ABŞ-ın Türkiyəyə 5 ədəd F-35 təyyarələrini verməsi isə ümid edək ki, Türkiyə müdafiə sistemlərində hansısa arxayınlığın yaranmasına stimul yaratmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: