Ankaradan Moskvanı narazı salan, Kiyevi sevindirən addım: Zelenski yeni masada

Ankaradan Moskvanı narazı salan, Kiyevi sevindirən addım: Zelenski yeni masada

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcəyini açıqlayıb. O, ölkəsinin əsas prioritetinin müharibəyə son qoymaq üçün hər şeyi etmək olduğunu bildirib. Zelenski bu istiqamətdə tərəfdaşlara müvafiq həll yollarının təqdim ediləcəyini söyləyib.

Həmçinin ABŞ Prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uitkoffun da Türkiyəyə səfər edəcəyi bildirilir. Məlumata görə, o, Zelenski ilə görüşəcək.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Türkiyə müharibənin ilk günlərindən etibarən həm Moskva, həm də Kiyev ilə balanslı diplomatik xətt yürüdən yeganə region dövləti kimi fərqlənir:

“İstanbul danışıqları, taxıl sazişi, taktiki səviyyədə qarşılıqlı etimad mexanizmlərinin yaradılması və tərəflərlə paralel əlaqələrin qorunması Türkiyəni bu münaqişədə ən real vasitəçi statusuna gətirib. Ankara NATO üzvü olsa da, Rusiya ilə enerji, ticarət və təhlükəsizlik sahələrində güclü əlaqələrə malikdir. Bu balanslı mövqe ona həm Qərblə, həm də Rusiya ilə dialoq qurmaq imkanı verir. Lakin eyni zamanda Ankaranın Ukraynaya göstərdiyi dəstək, xüsusilə də bu ölkəyə “Bayraktar-TB2” dronlarının satışı Türkiyənin Moskvanın tam etimadını qazanmasına müəyyən maneələr yaradır.
Zelenskinin Türkiyəyə səfər qərarının arxasında duran əsas amillər həm cəbhə xəttindəki mürəkkəb vəziyyət, həm də Ukraynanın beynəlxalq dəstəyə artan ehtiyacıdır. Ukrayna ordusunun resurs çatışmazlığı fonunda Kiyev diplomatik aktivliyi artırmaqla həm siyasi dəstək, həm də humanitar nəticələr əldə etməyə çalışır. Bundan əlavə, ABŞ və Avropada 2025-ci ilin siyasi gündəminin daxili məsələlərə yönəlməsi Qərbin Kiyevə danışıqlara daha yumşaq mövqe sərgiləməsi üçün təzyiq göstərdiyi ehtimalını möhkəmləndirir.

Bütün bu şərtlər fonunda əsas sual ortaya çıxır: Türkiyənin vasitəçiliyi ilə real bir atəşkəs və ya danışıqlar masası formalaşdırıla bilərmi? Qısa müddətli perspektivdə müəyyən humanitar razılaşmaların, o cümlədən əsir mübadiləsi, yaralıların çıxarılması, lokal atəşkəs zonalarının yaradılması və ya taxıl dəhlizinə qayıdış kimi texniki məsələlərin əldə olunması mümkündür. Türkiyənin təqdim etdiyi diplomatik platforma bu tip razılaşmalar üçün tam uyğundur və tərəflər bu sahədə daha çevik davranırlar”.

Ankaradan Moskvanı narazı salan, Kiyevi sevindirən addım: Zelenski yeni masada
Elçin Mirzəbəyli

Deputat bildirib ki, genişmiqyaslı atəşkəs və ya sülh danışıqlarının dərhal başlanması real görünmür:

Rusiya hazırkı cəbhə üstünlüyünü siyasi rıçaq kimi istifadə etməyə çalışır və danışıqlarda maksimalist mövqe sərgiləyir. Ukrayna isə ərazi bütövlüyünün təhlükəyə düşməsi ehtimalını qəbul etmir və istənilən razılaşmanın onun suverenliyinə xələl gətirməyəcəyinə əmin olmaq istəyir. Qərbin də bu mövzuda vahid mövqeyə sahib olmaması danışıqlar prosesini çətinləşdirən əsas amildir.

Bütün bunlara baxmayaraq, Zelenskinin Ankaraya səfəri diplomatik dinamikanın yenidən canlanması baxımından əhəmiyyətlidir. Türkiyə tərəfləri bir masa arxasına gətirə biləcək yeganə real kanallardan biridir. Bu səfər əsasən siyasi dialoq üçün zəruri mühiti formalaşdırmağa, humanitar gündəmi irəli çəkməyə və gələcək mümkün sülh proseslərinin ilkin bazasını yaratmağa xidmət edir.

Bütövlükdə isə yaxın zamanda tammiqyaslı atəşkəs real görünmür, lakin humanitar razılaşmalar və diplomatik kanalların aktivləşməsi mümkündür. Bu da gələcəkdə daha geniş sülh danışıqları üçün mühüm addım ola bilər”.

Turan Rzayev
Globalinfo.az