Ankarada Heydər Əliyevin xatirəsi yad edildi

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Ankarada Bilkənt Universitetində bədii proqramla yad edilib.

Globalinfo.az Report.az-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Heydər Əliyevin vəfatının 20 illiyinə həsr olunub.

Proqramda səfirlik heyəti, Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin parlamentlərarası işçi qrupu heyəti, türkiyəli millət vəkilləri, yüksək hərbi rütbəli şəxslər, mətbuat nümayəndələri, paytaxt ictimaiyyəti iştirak ediblər.

Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Heydər Əliyevə həsr olunmuş “Məşələ çevrilən həyat” video-film nümayiş edilib.

Tədbirdə səfir Rəşad Məmmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Bilkənt Universitetinin rektoru Kürşat Aydoğan Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında danışıblar.

İl boyu Türkiyədə Heydər Əliyevin anadan olmasının və Türkiyənin 100 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirlərinin həm də bağlanışı xarakterini daşıyan proqram bədii hissə ilə başa çatıb.

Konsertdə Azərbaycanın xalq artisti Azərin Heydər Əliyevin sevdiyi mahnıları ifa edib, bundan başqa, Hüseynəli Hüseynəliyev, Adelya Ateşoğlu, Laura Ann Krentzman, Yaşar Koroğlu, Tofiq Şıxıyevin ifasında Heydər Əliyevin xatirəsinə mahnılar səsləndirilib.