Ankara və İrəvan arasında münasibətlər bu halda normallaşacaq – Markedonov

İyulun 30-da Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan danışıqların növbəti, beşinci raundu keçirib. Onların əvvəlki görüşü 2022-ci ilin iyulunda Avstriyanın paytaxtında baş tutub. 2024-cü ildə iki diplomatın yolu dövlətlərarası sərhəddə kəsişib. Onlar təmirdən çıxan Marqara keçid məntəqəsində olublar.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə rusiyalı politoloq Sergey Markedonov yazıb.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələr 2020-ci il müharibəsindən sonra intensivləşib. Ancaq münasibətlər hələ tam düzəlməyib. Çünki Ankara Bakının mövqeyini gözardı edə bilməz və bunu istəmir. Odur ki, Türkiyə tərəfinin ilkin şərti var. İrəvanla normallaşma mümkündür və arzuolunandır. Ancaq Ermənistan-Azərbaycan nizamlanması öz məntiqi yekununa yaxınlaşdıqda bu, baş verəcək. Türkiyə üçün bu, heç də daxili gündəm məsələsi deyil. Bu gün Bakı ilə İrəvan arasında sülhün imzalanması ilə bağlı müzakirələr yenidən intensivləşib. Amma yekun nəticə üçün Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi vacibdir. Bu, o deməkdir ki, hələlik müəyyən nüanslar qalır. Əgər belədirsə, o zaman Ankara tələsməyəcək. Ermənistanla normallaşma prosesi isə tədricən inkişaf edəcək”, – deyə Markedonov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az