Ankarada nüvə silahı razılaşması: Türkiyə ortaq damar rolunda

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ABŞ və Rusiyanın kəşfiyyat nümayəndələri Ankarada keçirdiyi görüşdə nüvə silahından istifadə etməməyə dair razılığa gəliblər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinin Ankaradakı müzakirələri Ukrayna müharibəsinə dair yanaşmada iki əks qütbü vahid mövqeyə doğru yaxınlaşdıran əlamətdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Aqşin Kərimov qeyd edib.

O bildirib ki, ortaq damar rolunu Türkiyə öz üzərinə götürüb:

“Bu o deməkdir ki, Türkiyə müharibənin hansı nəticə ilə bitməsindən asılı olmayaraq özünü post-konflikt dövrü üçün strateji alətlər qazandırmağa hazırlayır.

ABŞ və Rusiya arasındakı görüşün görünməyən razılıqları da var. Görünür, Qərb Ukraynanı sülhə razı salmaq istəyir, Zelenski buna dirəniş göstərir. Rusiya isə öz şərtlərinin üstünlük təşkil etdiyi tezislərlə Kiyevi təslim aktına imza atdırmağa çalışır.

Ancaq ABŞ ilə Rusiya bir-birinə qarşı tələ qurmağa davam edəcək və bu da Ukraynada eskalasiyanın genişlənməsi, Vaşinqtonla Moskva arasındakı digər rəqabət meydanlarında münaqişə ocaqlarının qalanması riskini çoxalda bilər”.

Gülnar Səlimova
Globalinfo.az