Ərdoğanın Putini məyus edən qərarının 4 səbəbi

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın “Azov” qruplaşmasının komanda heyətini niyə ukraynalı həmkarı Zelenskiyə təhvil verdi, axı Rusiya ilə razılaşmaya görə onlar müharibə bitənə qədər Türkiyədə qalmalı idilər?! Bu sual hər 3 ölkədə – Türkiyə, Ukrayna və ən çox da Rusiyada müzakirə edilir”.

Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu sualın iki cavab variantı səslənib:

Birincisi, Türkiyə lideri ukraynalı döyüşçüləri ölkələrinə qaytarmaqla NATO-nun Zirvə toplantısı ərəfəsində Ankaranın İsveçin təşkilata üzvlüyünün əleyhinə olması ilə bağlı ona edilən təzyiqləri neytrallaşdırmaq istəyib.

İkincisi, Türkiyə prezidentinin ukraynalı döyüşçüləri sərbəst buraxması Rusiya Prezidenti Vladimir Putinin Ərdoğanın böyük səyi nəticəsində qəbul edilən “taxıl sazişi”ni uzatmayacağı eyhamlarına cavabdır.

Daha çox müzakirə edilən bu iki cavab variantına ikisini də əlavə etmək olar.

Elxan Şahinoğlu

Üçüncüsü, Rusiya-Ukrayna müharibəsinin sonu görünmədiyinə görə Ərdoğan ukraynalı döyüşçüləri əbədiyyətə qədər “girov” saxlamağın doğru olmadığı qənaətinə gəlib;

Dördüncüsü, Ərdoğan Putinlə tərəfdaşlığın davamında maraqlı olsa da, Kreml sahibinin sonunda həm siyasi, həm də hərbi məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırmağa başlayıb”.

Turan Rzayev
Globalinfo.az