Anar Elzanın AYB üzvlüyündən danışdı: “Heç kimə hesabat vermirik”

“Azərbaycan Yazıçılar Birliyi (AYB) kimi istəyir, onu da qəbul edir. Biz də Elza Seyidcahanı layiq bilmişik. Qəbul komissiyası və katiblik var. Elzadan əvvəl Fərhad Bədəlbəylini üzv etmişdik, onda niyə narazı olmadılar? O zaman da deyərdilər də niyə pianoçunu üzv edirsiniz”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında AYB-nin sədri Anar Rzayev deyib.

Sədr bildirib ki, E.Seyidcahanı yazdığı şeirlərə görə AYB-yə üzv seçiblər:

Elza Seyidcahan

“Mənim də yazdıqlarımı tənqid edirlər, o deməkdir ki, AYB-dən çıxmalıyam? Tənqid olunmayan adam var ki?! Kim təyin edib ki, tənqidlərin hansı sağlam, hansı qeyri-sağlamdır? Mən heç kimə hesabat verməli deyiləm. İşim düzgün siyasət aparmaqdır. Dünən jurnalistlər zəng edirlər, imkan vermirlər ki, istirahət edim. İstirahət mərkəzində dincəlirəm”.

A.Rzayev deyib ki, bu gün E.Seyidcahanın şeirlərinin bəyənilməsi və bəyənilməməsi normaldır:

“Yazıçılar Birliyinin daxili işinə niyə qarışırlar axı?! AYB-nin 2400 nəfər üzvi var. Elə bilirsiniz onların hamısı dahidir? Sadəcə, Elza məşhurdur deyə narazılıq edirlər, onun ətrafında qalmaqal yaradırlar. Kimsə onun şeirlərini bəyənməyə bilər, hər kəsin öz fikri var”.

Qeyd edək ki, əməkdar artist Elza Seyidcahanın AYB-yə üzv olması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu məsələ ciddi müzakirə edilir, tənqid olunur.

Zaira Akifqızı
Globalinfo.az