ANAMA-nın minaya düşən əməkdaşının son durumu

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur.

ANAMA-dan Globalinfo.az-a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunda ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

“Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən hər bir əməkdaşın həyat və sağlamlığı Agentlik üçün xüsusi önəm kəsb edir, hər zaman diqqət mərkəzində saxlanılır”, – məlumatda bildirilib.

***10:54

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Z.Məmmədovun vəziyyəti qənaətbəxş hesab edilir.

Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayıb. Nəticədə ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. Ona sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub,

Z.Məmmədov əvvəlcə Gəncə şəhər Mərkəzi Klinikasına təxliyə edilmişdi.