ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem hesab edir ki, mümkün münaqişədən sonra Hörmüz boğazına nəzarət İranın əlində qalmamalıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə senator “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, ən təhlükəli ssenarilərdən biri İran rejiminin boğaz üzərində nəzarəti ələ keçirərək bundan dünya ölkələrinə qarşı təzyiq aləti kimi istifadə etməsidir. Onun sözlərinə görə, müharibə istər diplomatik yollarla, istərsə də hərbi əməliyyatlarla başa çatsa belə, nəticədə strateji əhəmiyyətli keçidə nəzarət İranın əlində qalmamalıdır.
Qrem əlavə edib ki, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları da tamamilə aradan qaldırılmalıdır.
“İslam Respublikasında belə materiallardan bir unsiya belə qalmamalıdır”, – deyə o, vurğulayıb.
Senator qeyd edib ki, münaqişənin yekunu elə olmalıdır ki, İran əvvəlki siyasətinə və fəaliyyət üsullarına qayıda bilməsin.
Əliyar Xəlil