Almaniyanın müdafiə naziri: “Ən pis ssenariyə hazır olmalıyıq”

“Hazırda Rusiyanın NATO-ya hücum təhlükəsi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Bild” nəşrinə müsahibəsində deyib:

“Biz 30 illik sülh dövründən çıxmaq üzrəyik. İndi yol başqa istiqamətdədir. Odur ki, biz özümüzü ən pis ssenari üçün hazırlamalıyıq”, – almaniyalı nazir vurğulayıb.

Pistorius Rusiya ilə NATO arasında mümkün müharibə ehtimalı haqqında da danışıb:

“Hazırda Rusiyanın NATO ərazisinə hücum təhlükəsi yoxdur. Amma bu, hələlik belədir. Çünki Rusiyanın dinc dayanacağına heç kim zəmanət verə bilməz. Almaniya Ukraynaya çoxlu silah sistemləri verib. Amma biz onların əvəzinə yenilərini alacağıq. Təbii ki, Almaniya müdafiə olunmağa qadirdir. Amma bizim bir çox çatışmayan cəhətlərimiz var”, – Boris Pistorius bildirib.

Almaniyalı nazir ABŞ-da baş tutacaq prezident seçkiləri haqqında da fikir səsləndirib:

“Düşünürəm ki, biz avropalılar 10-20 il əvvəl etməli olduğumuz şeyləri indi həyata keçirməliyik.  Yəni daha çox öz təhlükəsizliyimiz üçün sərmayə qoymalııq. Əgər biz ABŞ-dakı seçkilərə köklənsək, bu, bizə heç nə verməyəcək. Biz öz ev tapşırığımızla məşğul olmalıyıq”, – deyə almaniyalı nazir fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az