Almaniyada dəhşət: bıçaqlı şəxs insanlara hücum etdi – YENİLƏNİB

photo 2025 05 23 21 35 44

Almaniyanın Hamburq şəhərində yerləşən mərkəzi dəmir yolu vağzalında baş verən bıçaqlı hücum nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb. Yaralananlardan dörd nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisədə şübhəli bilinən 39 yaşlı qadın saxlanılıb. Hücumun təkbaşına həyata keçirildiyi ehtimal olunur. Hadisənin səbəbi və hücumçunun motivləri hələlik məlum deyil, lakin polis hadisənin siyasi motivli ola bilmə ehtimalını istisna etmir.

Hazırda Hamburq Mərkəzi Vağzalında qatarların hərəkəti dayandırılıb, yaxınlıqdakı küçələr isə bağlanıb. Əraziyə çox sayda polis və təcili yardım əməkdaşı cəlb olunub.

Qeyd edək ki, Hamburq Mərkəzi Vağzalı Almaniyanın ən işlək nəqliyyat qovşaqlarından biridir. Xüsusilə cümə günləri pik saatlarda buranın olduqca izdihamlı olduğu bildirilir. 2023-cü ildən etibarən vağzalda daimi polis patrulu tətbiq olunur və burada, eləcə də şəhərin ictimai nəqliyyatında silah, o cümlədən bıçaq gəzdirmək qadağandır.

*** 21:38

Hamburqun əsas vağzalında baş verən silahlı hücum zamanı yaralıların sayı 12 nəfərə yüksəlib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

İlkin məlumata görə, hücumu törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

*** 21:06

Almaniyanın Hamburq şəhərində bıçaqlı şəxs insanlara hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Hadisə Hamburqun əsas vağzalında qeydə alınıb. Hücum zamanı azı 8 nəfərin yaralandığı bildirilir.

Hadisənin motivi və yaralıların dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Aysel Əliyeva
Globalinfo.az