Almaniyada çevrilişə cəhd: 151 il əvvəlki sistemi qurmaq istədilər – FOTOLAR

Almaniyada dövlət çevrilişinə hazırlıq gördükləri iddia edilən şəxslərə qarşı əməliyyat keçirilib.

Globalinfo.az xəbər verir ki, Almaniya Federal Prokurorluğu ölkənin 11 əyalətində 130 nöqtədə 3 min polisin iştirakı ilə əməliyyat keçirildiyini və 52 nəfərin saxlanıldığını açıqlayıb. Saxlanılanlar arasında keçmiş hərbçilərin də olduğu qeyd edilib.

Həmçinin iddia olunur ki, həbs edilən şəxslər Almaniya Bundestaqına basqın etməyi planlaşdırıblar.

Onlar konstitusiya quruluşunu devirib 1871-ci il Almaniya İmperiyasından nümunə götürülmüş dövlət sistemi qurmağa cəhddə ittiham edilirlər.

Almaniya Baş Prokurorluğu çevriliş təşkilatçılarının Rusiyadan dəstək almaq üçün Moskva ilə əlaqə saxladıqlarını, amma heç bir müsbət cavab almadıqlarını söyləyib.

Qeyd edək ki, “Reichsbürger” üzvləri müasir Almaniya dövlətini tanımaqdan imtina edir, hətta vergi vermirlər. Bu səbəbdən də onlarla bağlı hazırda minlərlə məhkəmə işi var.

İlkin
Globalinfo.az