Almaniyada balta ilə qətl törədən azərbaycanlıya ağır cəza – RƏSMİ/EKSKLÜZİV

Ukraynadan Almaniyaya gələrək, cinayət törədən Elçin Ağayev ömürlük həbs cəzasına məhkum edilə bilər. Bu barədə Globalinfo.az-ın sorğusuna Detmol şəhər Prokurorluğundan verilən cavabda qeyd edilib.

Prokurorluqdan Globalinfo.az-a bildirilib ki, buna səbəb onun iki dəfə ağır cinayət hadisəsi törətməsidir.

“Bildiyiniz kimi, o, oxşar cinayət hadisəsini əvvəllər yaşadığı Ukraynada da törədib və buna görə 9 il həbs cəzasına məhkum edilib. Bu hadisədən bir müddət sonra həmin ölkədə müharibə başlayıb və o, Almaniyaya gələrək, burada da xüsusi amansızlıqla qətl törədib. Buna görə dövlət ittihamçısı onun ömürlük həbs cəzasına məhkum edilməsini tələb edə bilər. Çox güman ki, məhkəmə də dövlət ittihamçısının bu tələbini təmin edəcək”- deyə, prokurorluqdan bildirilib.

Azərbaycanlı Elçin Ağayevin növbəti məhkəmə prosesi yanvarın 24-də Detmol şəhər Məhkəməsində keçiriləcək. Prosesdə E.Ağayevin birlikdə yaşadığı Olqa adlı Ukrayna vətəndaşı və qətlə yetirdiyi Andrey Rintelnerin həyat yoldaşı Nadine Rintelnerin də dindirilməsi gözlənilir.

Xatırladaq ki, hadisə keçən ilin iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib. Belə ki, 39 yaşlı Andrey F.Rintelner azərbaycanlı E.Ağayev tərəfindən balta ilə qətlə yetirilib.

Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıb.

Yanvarın 8-də Detmol şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.

Globalinfo.az
Xəbər xidməti