Almaniya vətəndaşı olmaq istəyənlərə şad xəbər: QANUN DƏYİŞDİ

Almaniya Bundestaqı vətəndaşlığı asanlaşdıran və ikili vətəndaşlığa yol açan qanunu 382 səslə qəbul edib.

Globalinfo.az xəbər verir ki, qanunun aprel ayında qüvvəyə minəcəyi gözlənilir.

Almaniyanın Daxili İşlər Naziri Nensi Faeser qanunun qəbulundan məmnun qaldığını dilə gətirib. Həyata keçirilən islahatın müasir Almaniyaya olan bağlılığın əlaməti kimi dəyərləndirib:

“Biz ədaləti təmin edən müasir immiqrasiya qanunu yaratdıq. Çünki mühacirlər də Almaniyaya aiddirlər və ölkənin bir parçasıdırlar”, – nazir deyib.

Qanun qüvvəyə mindikdən sonra Almaniya vətəndaşlığını almaq istəyən şəxs aid olduğu dövlətin vətəndaşlığından imtina etmək məcburiyyətində qalmayacaq. Üstəlik, Almaniya vətəndaşlığı almaq istəyən şəxslərin bundan sonra ölkədə 8 il yox, 5 il yaşamaları kifayət edəcək. Xüsusi uyğunlaşmağı bacaranlar üçün bu müddət 3 il olacaq.

İnteqrasiyada uğurlu sayılmaq üçün alman dilini yaxşı bilmək, cəmiyyətin xeyrinə könüllü fəaliyyətlə məşğul olmaq və müxtəlif sahələrdə bacarıq sərgiləmək lazımdır.

Almaniyada doğulmuş əcnəbilərin uşaqları da heç bir əlavə şərt olmadan bu ölkənin vətəndaşı sayılacaqlar. Bunun üçün yalnız valideynlərdən birinin 5 il Almaniyada yaşaması şərtdir.

Vətəndaşlıq qanununun yeni variantına görə,  Almaniya vətəndaşlığını əldə etmək istəyənlər prinsipcə özlərini və himayəsində olan ailə üzvlərini təmin etməyə məcburdurlar.

Qeyd edək ki, Almaniya Daxili İşlər Nazirliyi ölkədə yaşayan əcnəbilərin sayının təxminən 12 milyon olduğunu açıqlayıb. Onların təxminən 5,3 milyonu Almaniyada ən azı on il yaşayan şəxslərdir.

Əliyar Xəlil,

Globalinfo.az