Fevralın 2-də İkinci Dünya müharibəsindəki Stalinqrad döyüşlərində Rusiyanın Almaniya qüvvələri üzərində qələbəsinin 80-ci ildönümü qeyd edilib. Hazırkı adı Volqoqrad olan bu şəhərdə müharibə veteranları ilə görüşən prezident Vladimir Putin Qərbin ünvanına hədə ismarışları göndərib.
Diqqətçəkən başlıca məqam isə Putinin keçmiş Stalinqrad şəhərində sovet diktatoru İosif Stalinin büstünü qoymasıdır.
Stalinqrad döyüşündən sonra nasist Almaniyası müdafiə xəttinə çəkilməyə məcbur olub. Bəzi ekspertlər hesab edir ki, Putin keçmiş Stalinqraddan kollektiv Qərbi bu amilə görə hədələyib.
Rusiya prezidenti çıxışında Almaniyanı da tənqid edib. Belə ki, o, Almaniyanın Ukraynaya vermək istədiyi “Leopard 2” tanklarından bəhs edib, rəsmi Berlinin dişinin məhz Stalinqradda (Volqoqradda) sındırıldığını xatırladıb.
Maraqlıdır, Putinin Volqoqraddan verdiyi mesaj hansı geopolitik mənaya gəlir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Prezidenti Vladimir Putin Stalinə rəğbətini artıq gizlətmir və açıq şəkildə onun üzərindən siyasi mesajlar verir:
“Prinsip etibarilə Putinin Stalin haqda nələrsə deməsi ilk belə hal deyil. Misal üçün, ötən ilin bu vaxtları Putin Rusiyanın Ukraynaya hücumu ərəfəsində yenə Stalini mədh etmiş, Lenini açıqca tənqid etmişdi. Bu mənada onun məhz indi Volqoqradda İosif Stalinin büstünü qoyması Kremlin yenidən Ukraynaya genişmiqyaslı hücum etməsi mənasına gələ bilər. Hətta ehtimal ki, Putin Vloqoqradın adını yenidən Stalinqrad edə bilər.
Bununla belə Stalin heç də Putinin təriflədiyi kimi bir insan olmayıb. Belə ki, o milyonlarla rusun, həmçinin digər xalqların ölümündə əsas günahkardır. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bir çox ziyalısı məhz Stalin tərəfindən edam etdirilmiş, sürgünə göndərilmişdi.
Stalinin tək müsbət tərəfi İkinci Dünya müharibəsində almanların irəliləşini dayandırmasıdır”.
Politoloq qeyd edib ki, Qərb Ukraynaya “Leopard 2” tankları verəcəyi təqdirdə Rusiya buna səssiz qalmayacaq:
“Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiyanın Qərbə verəcəyi ehtimal cavab müharibənin miqyasını genişləndirməklə yanaşı, həm də Üçüncü Dünya müharibəsinə səbəb olacaq.
Mümkündür ki, Rusiya Ukraynaya veriləcək tankaları elə sərhəddə məhv etsin. Digər bir versiya isə tankların Ukraynaya gəlmədən öncə Baltikyanı ölkələrin birində və ya Polşa ərazisində məhv edilməsidir. Bütün hallarda hər iki versiyada təhlükəlidir. Çünki Qərb ilə müharibə Ukrayna qədər asan olmayacaq”.
E.Şahinoğlu hesab edir ki, Kremldə Rusiya prezidenti Vladimir Putin üçün çıxış mətnlərini hazırlayanlar özlərinə çox əziyyət vermirlər:
“Onlar bəzən mətndə yalnız bir sözü dəyişməklə mətnin hədə hissəsinə toxunmurlar. Kreml sahibi Volqoqradda çıxış zamanı Ukraynaya tank verən Qərb ölkələrini bu sözlərlə hədələyib: “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”.
Müqayisə üçün deyim ki, Türkiyə 2015-ci ildə sərhədi pozan Rusiya təyyarəsini vurmuş və bundan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Putin o zaman Türkiyəni bu sözlərlə hədələmişdi: “Türkiyə yalnız pomidorla canını qurtara bilməyəcək”. Putin pomidoru ona görə xatırlatmışdı ki, Rusiya Türkiyənin əsas kənd təsərrüfatı məhsulunun Rusiyaya ixracına qadağa qoymuşdu.
Putin 8 il əvvəl Türkiyə pomidorlarıyla mübarizə aparırdı, bu dəfə Qərb tanklarını seçib”.
Turan Rzayev