Almaniya Litvaya 5 min hərbçi yerləşdirir – işin arxasında bu dövlət var

Almaniya 4,8 min hərbçidən ibarət Bundesver briqadasını daimi yerləşdirmə üçün Litvaya göndərəcək. Bu barədə Almaniyanın Litvadakı səfiri Kornelius Çimerman məlumat verib. Onun sözlərinə görə, 200 zəruri mülki heyətin də Litvaya göndərilməsi planlaşdırılır:

“Bundesver qoşunları Litvaya tədricən köçürüləcək. Bu kontingentin addım-addım artırılması daha məntiqlidir”.

Maraqlıdır, Almaniya qoşunlarının Litvaya yerləşdirilməsinin səbəbləri nədir? Bu, Rusiyaya qarşı tədbir ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Almaniyanın 4,8 min hərbçidən ibarət Bundesver briqadasını Litvaya göndərməsi Rusiya ilə bağlıdır:

Əhəd Məmmədli

“Almaniya bununla guya Rusiyanın real təhdid yaratdığı Litva kimi NATO ölkələrini qoruyacağı mesajını verir. Rəsmi Berlin əslində bunu öz iradəsi ilə deyil, ABŞ-ın diqtəsi ilə edir.

ABŞ və Almaniya iki müttəfiq ölkədir. Hətta rəsmi Berlin Vaşinqtonun Avropadakı ən etibarlı müttəfiqidir. Almaniya həm də Avropadakı antirusiya koalisiyasının əsas lideri hesab edilir. ABŞ da Avropadakı bütün planlarını məhz Almaniya üzərində icra edir.

Ümumiyyətlə İkinci Dünya müharibəsindən bu günə qədər Almaniyada ABŞ hərbi bazaları var. Rəsmi Berlin bir çox baxımdan Vaşinqtondan asılıdır.

Almaniyanın mövcud iqtidarı da xarizmatik liderlərdən ibarət deyil. Bu da çox ciddi faktordur. Müqayisə üçün deyim ki, ABŞ Fransanı bu qədər rahat manipulyasiya edə bilmir. Çünki bu ölkədə ABŞ bazaları yoxdur.

Nəticə etibarilə Almaniyanın atdığı bu addımın pərdəarxasında məhz ABŞ dayanır. Rəsmi Vaşinqton bununla Kremlə növbəti dəfə gözdağı verməyə çalışır”.

Turan Rzayev
Globalinfo.az