Almaniya liderlərini daşıyan təyyarə satışa çıxarıldı

Almaniya ölkə kanslerinin 20 il ərzində uçduğu hökumət təyyarəsini satışa çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Bildirilib ki, Almaniya hökumətinə məxsus “Airbus A340-300” təyyarəsi söküləcək və ehtiyat hissələri formasında satışa çıxarılacaq.

Nəşrin məlumatına görə, “Airbus”un törəmə şirkəti olan “Lufthansa Technik” bu təyyarənin alınması üçün müqavilə imzalayıb. Alındıqdan sonra təyyarə İspaniyaya çatdırılacaq.

Nəşr sözügedən təyyarənin 20 ildən artıqdır ki, hökumət rəhbərlərinə xidmət göstərdiyini vurğulayıb.

Qeyd edək ki, təyyarə konfrans zalı, vanna və iş otağı, kansleri müşayiət edən nümayəndə heyəti üçün biznes sinif kupesi, həmçinin jurnalistlər üçün ekonom sinif oturacaqları ilə təchiz edilib.

Hökumət təyyarələri 2023-cü ilin payızında Almaniya liderlərinin xarici səfərləri zamanı yaranan nasazlıqlardan sonra istifadəni dayandırıb. Adıçəkilən təyyarədə Almaniyanın keçmiş kansleri Angela Merkel, sabiq xarici işlər naziri Hayko Maas, prezident Frank-Valter Ştaynmayer və kansler Olaf Şolts uçub.

Əliyar Xəlil
Globalinfo.az